Dörd gündür yoxa çıxan fəala 10 sutka həbs verilib

Dörd gündür yoxa çıxan fəala 10 sutka həbs verilib

Sentyabrın 19-dan yoxa çıxan dindar fəal, Müsəlman Birliyi Hərəkatının üzvü Əhsən Nuruzadənin yeri müəyyənləşib. Məlum olub ki, o, bu müddətdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılırmış. Bu haqda AzadlıqRadiosuna onun vəkili Yalçın İmanov məlumat verib.
 
“Bandotdel” yaxınlığında söyüş söyüb...
İmanov bildirib ki, az öncə Ə.Nuruzadənin ailəsinə bir nəfər zəng edərək, özünü ona dövlət hesabına təyin edilmiş vəkil kimi təqdim edib. Bildirib ki, sentyabrın 22-də Nərimanov Rayon Məhkəməsində Ə.Nuruzadə haqqında 10 sutkalıq inzibati həbs qərarı çıxarılıb. O, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin yaxınlığında söyüş söyməkdə suçlanıb. Zəng edən şəxsin sözlərinə görə, məhkəmədən sonra Əhsəni Binəqədidə inzibati qaydada həbs olunanların saxlandığı təcridxanaya aparıblar.
Yalçın İmanov deyir ki, sentyabrın 22-də təcridxanaya gedib Ə.Nuruzadə ilə görüşməyə, əslində, nə baş verdiyini öyrənməyə çalışacaq: “Məsələ ondadır ki, mən Əhsənin yerini öyrənmək üçün iki gün öncə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ilə əlaqə saxlamışdım, amma mənə orada olması haqda məlumat vermədilər”.
 
Yoxa çıxan başqa bir dindarın kompüterini də aparıblar
Sentyabrın 21-də axşam saat 18.00 radələrində işlədiyi ticarət mərkəzindən çıxıb evə gedərkən 4 nəfər mülki geyimli tərəfindən qara maşına mindirilib naməlum istiqamətdə aparılan başqa bir dindar Bəhruz Quliyevin yeri isə hələ də məlum deyib. Y.İmanov bildirib ki, sentyabrın 22-də səhər saatlarında bir neçə nəfər mülki geyimli şəxs onun yaşadığı mənzilə gələrək axtarış aparıb: “Gələnlər mülki geyimdə olublar, nə axtarış haqqında qərar təqdim ediblər, nə də kim olduqları, hansı idarədən gəldikləri haqda məlumat veriblər. Axtarış zamanı evdəki kompüteri götürüb gediblər. Ailə üzvlərinə Bəhruzun yeri haqda da heç bir məlumat verməyiblər”. (azadliq.info) /

Google+ WhatsApp ok.ru