Dünyada acların sayı artır

Dünyada acların sayı artır

Dünyada acqarına yaşayanların sayı artır. Ötən il dünyada 821 milyon nəfər, yaxud hər 9 nəfərdən biri ac olub. Bunu BMT-nin bu gün – sentyabrın 11-də açıqladığı “Dünyada Ərzaq Təhlükəsizliyi və Qidalanmanın Vəziyyəti 2018” adlı hesabata əsasən demək olar.
 
Hesabata görə, pis qidalanmanın müxtəlif formalarının aradan qaldırılması üçün az iş görülür. Pis qidalanma uşaqlarda inkişafın dayanmasına, böyüklərdə köklüyə səbəb olur, yüz milyonlarla adamın səhhətinə risk yaradır.
 
SƏBƏBLƏR
 
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı bildirir ki, son 3 ildə aclıq səviyyəsi yüksəlir, on il qabaqkı duruma qayıdır.
 
Ən pis durum Cənubi Amerikada və Afrikanın bir çox regionlarındadır. Asiyada qidalanma səviyyəsi tədricən düzəlməkdədir.
 
BMT-nin illik hesabatı onu da üzə çıxarıb ki, iqlim dəyişiklikləri, quraqlıq və daşqınlar, eləcə də münaqişə və iqtisadi inkişaf tempinin yavaşıması aclığı gücləndirən amillər sırasındadır.
 
Kəskin iqlim şəraitində olan ölkələrdə pis qidalananların sayının daha yüksək olduğu bildirilir. 2011-2016-cı illərdə anormal temperatur şəraiti kənd təsərrüfatı sahəsində məhsul yığımına təsirini göstərir.
 
Kənd təsərrüfatı məhsullarına dəyən ziyan isə ərzaq təminatında, ərzağın bahalanmasında, gəlirlərin azalmasında hiss olunur.
 
RƏQƏMLƏR
 
Asiyada 515 milyon, Afrikada 256,5 milyon, Latın Amerikası və Karib hövzəsində 39 milyon ac adamın olduğu xəbər verilir.
 
Hazırda dünyadayaşı 5-dən aşağı 150,8 milyon uşaq inkişafdan qalıb, yaşına görə boyu balacadır.
 
Yaşı 5-dən az 50,5 milyon uşağın isə boyuna görə çəkisi azdır.
 
38,3 milyon uşağın çəkisi boyuna görə çoxdur.
 
Qadınların 32,8 faizinin reproduktivliyinə qanazlığı təsir göstərib.
 
Çəkisi həddən artıq olan böyüklərin sayı isə 672 milyon nəfərdir, yaxud hər 8 nəfərdən biri köklükdən əziyyət çəkir.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru