Dəhşətli qəzaların ŞOK səbəbi – DYP və DANX-ın diqqətinə - VİDEO

Dəhşətli qəzaların ŞOK səbəbi – DYP və DANX-ın diqqətinə - VİDEO

10 gün ərzində eyni səbəbdən 8 nəfər ölürsə DYP və DANX nəyi gözləyir?
 
Dünən səhər saatlarında Ələt-Astara yolunun Bakının Qaradağ rayonu ərazisindən keçən hissəsində baş vermiş ağır yol qəzasında 4 nəfər öldü. Son günlər belə ağır yol qəzaları baş verir ki, bu da narahatlıq doğuran haldır.
 
Dünənki qəza üç avtomobilin toqquşması nəticəsində baş verib. Yolla hərəkətdə olan "Kamaz" markalı qoşqulu yük maşınının sürücüsü yuxulayaraq öndə gedən digər "Kamaz"a, ən sonda gələn “Mercedes” markalı mikroavtobus isə qoşqulu yük maşınına arxadan çırpılıb. Mikroavtobusun sürücüsü Elturan Fərəcov bildirib ki, nəqliyyat vasitəsində onunla birgə ümumilikdə 9 nəfər olub: "Sərnişinlərdən 3-ü ölüb. 4 nəfər, həmçinin bir qadın və onun övladı ağır vəziyyətdə Ələt qəsəbəsindəki xəstəxanaya aparılıb. Avtobusdakıların hamısı qohum idi, Dağıstan Respublikasının Xasavyurt şəhərinə işləməyə gedirdilər. Mənimlə yanaşı daha bir kişi sərnişin xəsarətsiz ötüşüb. Onların hamısı Astaradandır. Yaralılardan biri sonradan xəstəxanada öldü".
 
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov son vaxtlar baş verən bu tip hadisələrə münasibət bildirib. O bildirib ki, sonuncu qəzanın videosunda əks olunan hadisə bir neçə gün öncə Bakı-Ələt yolunda 3 nəfərin (2-si hərbi xidmətdən dönən gənclər idi) həyatına son qoyan hadisə ilə təxminən eynidir: "Sadəcə əvvəlki hadisədə minik avtomobili dayanan qoşquya arxadan çırpılmışdı, burada isə hərəkətdə olan qoşquya arxadan çırpılma var. Detallarını istintaq müəyyən edəcək. Amma görünən odur ki, hər iki halda qoşquda arxa mühafizə qurğusu yoxdur. Minik avtomobili düz körpüyə (mosta) qədər qoşqunun altına girib, hətta bu hadisədə zərbə elə olub ki, körpü yerindən çıxıb.  Belə hadisədə minik avtomobilində sağ qalmaq şansı çox azdır. Özünüzü qoruyun, sürət rejiminə, ara məsafəsinə, yan intervala riayət edin, yol şəraitini daim nəzarətdə saxlayın, nəyin arxası və ya yanı ilə getdiyinizi unutmayın! Həm də unutmayın ki, sizinlə eyni yolda sükan arxasında debillər və idiotlar da var".
Qeyd edək ki, yük avtomobillərinin iştirakı ilə baş verən yol qəzalarında ölüm halları daha çox olur. Arxadan toqquşma zamanı minik maşınının yarıyadək yük maşınının altına girməsi Dövlət Yol Polisini və Dövlət Avtomobil Nəqliyyatı Xidmətini silkələməlidir. Bu cür yük avtomobilləri hər gün DYP-nin stasionar postlarından keçir və əksər hallarda onları saxlayırlar. Ən azından yükü çəkmək üçün yük maşının saxlatdıranda həmin avtomobilin arxa mühafizə qurğusuna da diqqət etmək lazımdır. Bu qurğunu əksər yük maşını sürücüləri qəsdən kəsib çıxarırlar və bu da insan ölümünə səbəb olur.
 
Bundan əlavə, özünü az qala DYP əməkdaşına oxşatmaq üçün hər cür varianta əl atan, "maskirovka" edib yük maşını sürücülərinə "toy tutan" Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları da yükün artıq daşınmasına görə 600 manat cərimə yazmaqla məşğul olarkən həmin avtomobilin arxa mühafizə qurğusunun olub-olmamasına da diqqət yetirsə yaxşı olar. Yükün artıq olması elə də faciəli bir şey deyil. Amma arxa mühafizə qurğusunun yerində olmamasına görə bir qəzada 4 nəfər ölür. Müqayisə etmək üçün daha böyük faciə gözləmək lazım deyil ki...
 
Yükü tərəzidə çəkib sonra cərimə yazırsız, amma arxadakı qurğunun yerində olmadığını adı gözlə də görmək mümkündür.
Düşünürəm ki, qəza baş verirsə onun səbəbini araşdırmaq bir yana, ölüm halının nədən baş verdiyini də xüsusi araşdırmaq lazımdır. 10 gün ərzində eyni səbəbdən 8 nəfər ölürsə DYP və DANX nəyi gözləyir? (avtosfer) /

Google+ WhatsApp ok.ru