`Ebola`, `Donuz qripi`, indi də `Zika` virusu

Maide.az-ın "İnterfak"a istinadən verdiyi məlumata görə, həkimlər bu yaxınlarda təhlükəli Zika virusunun yayıldığı ölkədən qayıtmış Virciniya ştatı sakinində virusa yoluxma halı aşkarlayıblar.
 
Yerli səhiyyə departamenti ştatda virusun yayılma riskinin olmadığını bildirib. Belə ki, xəstəlik ağcaqanadlar vasitəsilə yayılır və hazırda regionda mövsüm bu həşəratlar üçün əlverişli deyil.
 
Yanvarın 26-da, həmçinin daha bir amerikalıda – virusun aktiv olduğu ölkədən qayıdan Arkanzas sakinində yoluxma halı qeydə alınıb. Bununla bağlı həkimlər isti ölkələrə səfər edən vətəndaşlara getdikləri regionda xəstəliyin yayılması barədə vəziyyətlə tanış olmağı tövsiyə edib.
 
Xatırladaq ki, Afrika və Asiya ölkələrində rast gəlinən Zika virusu 2015-ci ildə tez bir zamanda Cənubi Amerikada da yayılmağa başlayıb. Dünya Səhiyyə Təşkilatı epidemiyanın Kanada və Çili istisna olmaqla, bütün Şimali və Cənubi Amerika ölkələrini əhatə edəcəyi barədə xəbərdarlıq yayıb.
 
Zika xəstəliyinə yoluxma hallarının qarşısını alınmaq və ya onu müalicə etmək üçün hələ ki, heç bir vaksin mövcud deyil. Xəstəlik qızdırma, səpmə və digər simptomlarla müşayiət olunur, azyaşlı uşaqların beynini ciddi şəkildə zədələyir.

Google+ WhatsApp ok.ru