Ekipajın 3 üzvü dəfn edilib, 2-nin isə...

Əfqanıstanda aviaqəzada həlak olan 3 nəfərin kimliyi müəyyən olunaraq ailələrinə təvil verilib və onlar dəfn olunublar. Xəbəri ANS TV yayıb.
 
Maide.Az xəbər verir ki, kimlikləri müəyyən edilən Firdovsi Şahverdiyev və Azər Zülfiyevin cənazəsi dünən səhər saatlarında ailələrinə verilib. Onlardan biri Gəncədə, digəri isə Xızıda dəfn edilib. Bort mühəndisi Nadir Rzayevin nəşi isə yaşadığı H.Z. Tağıyev qəsəbəsinə aparılıb.
 
Həlak olanlardan digər iki nəfərin kimliyi müəyyənləşdirilir və nəticə əldə ediləndən sonra bu nəşlərin də ailələrinə təhvil veriləcəkləri gözlənilir.
 
“An-12” yük təyyarəsi mayın 18-də Əfqanıstanda qəzaya düşüb. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının məlumatına görə, qəzaya uğrayan təyyarə Əfqanıstan daxilində yük daşımalarını həyata keçirmək məqsədilə “Silk Way” şirkətindən icarəyə götürülüb. Təyyarə Dvayerə Baqrandan (Əfqanıstan) gəlibmiş və yanacaq doldurulmaqdan ötrü Marı şəhərinə (Türkmənistan) yola düşüb. Təyyarənin göyərtəsində yük olmayıb.
 
Təyyarənin göyərtəsində beş Azərbaycan, üç Ukrayna və bir Özbəkistan vətəndaşından ibarət (hava gəmisinin kapitanı) doqquz ekipaj üzvü olub.
 
Hadisə nəticəsində iki Ukrayna vətəndaşı - texniklər Qanja Andrey və Əliyev Rəmzi sağ qalıb. Onların vəziyyəti stabil qənaətbəxş qiymətləndirilir.
 
Qəzaya uğrayan “An-12” təyyarəsinin “qara qutular”ı da Bakıya gətirilib və onların vəziyyəti qənaətbəxş qiymətləndirilir. “Qara qutular”ı Azərbaycan tərəfi Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) mütəxəssisləri ilə birlikdə araşdıracaq. /

Google+ WhatsApp ok.ru