Ekspert:  2020-ci il turizm üçün itirilmiş il olacaq

Ekspert: 2020-ci il turizm üçün itirilmiş il olacaq

“Müsavat.com”da  “Natiq Cəfərli: 2020-ci il turizm üçün itirilmiş il olacaq” sərlövhəli məqalədə koronavirus pandemiyası şəraitində sahəyə dəyən itkilər barədə danışılır.
 
Müəllif deyir ki, koronavirus dünya iqtisadiyyatının bir çox sahələrinə mənfi təsir göstərib ki, bu təsirlər hələ də müşahidə olunur, mütəxəssislər isə bu prosesin davamlı olacağını proqnozlaşdırırlar.
 
Müəllifə görə, epidemiya avtomobil istehsalından tutmuş, turizmə qədər müxtəlif sahələri əhatə edib, iri şirkətlər fəaliyyətlərini dayandırmalı olublar.
 
Yazı müəllifi iqtisadiyyat naziri Mikayıl Cabbarova istinadən diqqətə çatdırır ki, Azərbacanda böhran turizm sektorunu və daha 20 sahəni əhatə edib.
 
Müəllif deyir ki, iqtisadçı-ekspert Natiq Cəfərli turizm sahəsinin və onunla bağlı sahələrin demək olar ki,sıradan çıxdığı qənaətinədir: “Hətta karantin dövründən sonra da, pandemiya başa çatsa belə, bu il turizm üçün itirilmiş il olacaq. İnsanların davranış qaydaları dəyişəcək və səyahət ehtiyacları fərqli olacaq”.
 
Onun fikrincə, yay aylarında daxili turizmi inkişaf etdirmək olar, ancaq bu, da  o qədər də inandırıcı görünmür.
 
Ekspert yada salır ki, xidmət sektoruna da ciddi ziyan dəyib, kafelərin, restoranların, çay evlərinin bağlı olması bu sahədə çalışanların da işsiz qalması ilə nəticələnib, bu obyektlərin gəlirlərində azalmalar var, bu ilin sonuna kimi onların gəlirlərində elə ciddi bir artım olmayacaq.

Google+ WhatsApp ok.ru