Ekspert: “Rusiyaya qarşı iqtisadi müharibə ölkəmizə də təsir edəcək”

Ekspert: “Rusiyaya qarşı iqtisadi müharibə ölkəmizə də təsir edəcək”

“ABŞ sanksiyalar tətbiq edərək Rusiyaya qarşı ticarət müharibəsi elan edib”. Bu barədə Rusiyanın baş naziri Dmitriy Medvedyev özünün facebook səhifəsində yazıb. O, tətbiq edilən sanksiyaların mənasız olduğunu, Rusiyanın bundan sonra da inkişaf edəcəyini bildirib.
 
“ABŞ Rusiyaya əsl ticarət müharibəsi elan edib. Biz rahatca iqtisadiyyat və sosial sahənin inkişafı ilə bağlı işlərimizi davam etdirəcəyik. Son illər biz özümüzə güvənməyə öyrənmişik. Hardasa bu sanksiyaların hətta faydası da olub. Baxmayaraq ki, bu, ümumilikdə mənasızdır. Biz bacaracağıq” - baş nazir qeyd edib.
 
Medvedyevin sözlərinə baxmayaraq, bu sanksiyaların Rusiya iqtisadiyyatını yenidən zəiflədəcəyi məlumdur. Bəs görəsən, belə olan durumda bu ticarət müharibəsindən Azərbaycan iqtisadiyyatına hansısa zərər dəyə bilərmi?
 
“Yeni Müsavat”a açıqlamasında bu sualı cavablandıran iqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, ABŞ tərəfindən Rusiyaya tətbiq edilən son sanksiyalar əvvəlki sanksiyalardan fərqlənir: “Yeni sanksiyalar daha geniş əlaqələri, qiymətli kağızlar daxil olmaqla, birjaları belə əhatə edir. Hətta bu sanksiyalardan sonra əgər Avropa ölkələri də ona qoşularsa, ”Şimal axını" belə sual altına düşə bilər. O baxımdan, sanksiyaların dairəsi genişdir, əvvəlki sanksiyalardan tamamilə fərqlənən sanksiyalardır. Rusiyanın dünyanın ən böyük dövləti tərəfindən belə sanksiyalara məruz qalması digər ölkələrin bu sanksiyalara qoşulması ehtimalını da gücləndirir. Artıq 4 Avropa ölkəsi bu sanksiyalara qoşulacağını bəyan edib. Bu heç bir halda Rusiya üçün arzuolunan deyil. Həmin ölkələr fərqli iqtisadi gücə malik olan ölkələrdir. Nominal ÜDM həcminə görə ABŞ dünyada birincidir - 18,5 trilyon dollar nominal ümumdaxili məhsula malikdir. Hətta ABŞ-ın nominal ÜDM-i Avropanın birgə ümumdaxili məhsulundan çoxdur. Rusiyada isə cəmi 1,2 trilyon dollar ÜDM var. Göründüyü kimi, fərq böyükdür və buna görə də söhbət iqtisadi baxımdan fərqli mövqeyə malik ölkələrin iqtisadi savaşından gedir".
 
İqtisadçının sözlərinə görə, bu savaşın əsasında siyasi səbəblər dursa da, əslində iqtisadi savaşdır: “ABŞ çalışır ki, Rusiya iqtisadiyyatını zəiflətməklə bu ölkəyə təzyiq imkanlarını genişləndirsin. O baxımdan, yeni sanksiyalar Rusiya iqtisadiyyatına mənfi təsir göstərəcək. Rusiyalı rəsmilərin açıqlamalarının necə olmasından asılı olmayaraq, nəticə ondan ibarətdir ki, yeni sanksiyaların Rusiya iqtisadiyyatına təsirləri hiss olunacaq. Rusiya təkcə ABŞ-la deyil, ABŞ tərəfdaşı olan ölkələrlə, o cümlədən Avropa ölkələri ilə üz-üzə gələ bilər. O baxımdan, Rusiyanın sanksiyalara hazırlaşması və adekvat tədbirlər həyata keçirməsi vacibdir. Etiraf etmək lazımdır ki, bu ölkənin manevr imkanları məhduddur. Ancaq yerli istehsalı artırmaqla sanksiyaların mənfi təsirlərini məhdudlaşdırmağa çalışa bilər. Lakin onu da nəzərə almaq lazımdır ki, Rusiyaya daxil olan valyutanın həcmində də azalmalar olacaq. Ölkədən çıxan valyutanın həcmində isə artımlar olacaq. Sanksiyalar Rusiya iqtisadiyyatına mənfi təsirini gözlətməyəcək. Ola bilər ki, biz bu müddətdə təsirləri real olaraq görməyək. Ancaq ortamüddətli dövrdə özünü göstərəcək. Əvvəlki sanksiyanın təsirləri də özünü göstərməkdədir. Xüsusən də bu, Rusiyadan çıxan investisiyanın həcmində özünü ehtiva edir”.
 
Vüqar Bayramov Rusiya iqtisadiyyatının zəifləməsindən Azərbaycanın da təsirlənəcəyini istisna etmədi: “Rusiya Azərbaycan üçün vacib ölkədir. Qeyri-neft ixracatında Rusiyanın payı yüksəkdir. Azərbaycanın qeyri-neft ixracatının təxminən 60 faizi kənd təsərrüfatı məhsullarıdır. Həmin məhsulların 90 faizi Rusiya bazarına gedir. Bu isə o deməkdir ki, Azərbaycan aqrar məhsulların ixracatında Rusiya bazarından birbaşa asılıdır. Hələlik kənd təsərrüfatı məhsullarının ixrac diversifikasıyası baş verməyib. Xaricdə yeni bazarların tapılması və məhsulların müxtəlif bazarlara çıxarılması hökumət qarşısında da dəfələrlə tələb olaraq qoyulub. Ancaq bunun qısa zamanda edilməsi mümkün deyil. O baxımdan, Rusiya Azərbaycan üçün qeyri-neft ixracatında vacib ölkədir. Rusiyada iqtisadi aktivliyin aşağı düşməsi Azərbaycan məhsullarının Rusiyaya çıxarılması baxımından arzuolunan deyil. Alıcılıq aşağı düşdükcə idxal məhsulların tələb azalıb. Rəsmi statistikaya görə, Rusiyada yaşayan azərbaycanlılar hər il Azərbaycana 1 milyard dollara yaxın vəsait göndərirlər. Qeyri-rəsmi statistikaya görə, isə bu rəqəm daha böyükdür. Çünki vəsaitlərin heç də hamısı bank vasitəsilə köçürülmür, qeyri-bank vasitəsilə köçürülür”.
 
İqtisadçı vurğuladı ki, Rusiyadan Azərbaycana göndərilən vəsaitlərin həcmi yüksək olduğu üçün də Rusiya iqtisadiyyatı Azərbaycan üçün vacibdir: “Rusiyada yaşayan 400 min azərbaycanlı əmək miqrantının iş yerləri baxımından da Rusiyadakı iqtisadi vəziyyət Azərbaycana təsir göstərə bilər. Hesablamalara görə, Rusiyadakı iki milyona yaxın azərbaycanlının təxminən 400 min nəfərə yaxını əmək miqrantıdır. Bu da Azərbaycan üçün mühüm faktordur. Çünki bu əmək bazarı üçün kifayət qədər böyük rəqəmdir. Bütün bunlara baxmayaraq, Rusiya iqtisadiyyatının çökməsi MDB ölkələri üçün, o cümlədən Azərbaycan üçün problem yaratmaya bilər. Azərbaycan hökuməti çalışmalıdır ki, Rusiya iqtisadiyyatının zəifləməsinin Azərbaycana təsirlərini minimuma endirə bilsin”. /

Google+ WhatsApp ok.ru