Ekspert: “Dövlətin birbaşa iştirakı olmadan problemli kreditlərlə bağlı məsələ həllini tapmayacaq”

Ekspert: “Dövlətin birbaşa iştirakı olmadan problemli kreditlərlə bağlı məsələ həllini tapmayacaq”

Ekspertlər deyir ki, dövlətin birbaşa iştirakı olmadan problemi həll etmək mümkün olmayacaq
 
Azərbaycanda vaxtı keçmiş kreditlərlə bağlı vəziyyət rekord həddə çatıb. Belə ki, vaxtı keçmiş kreditlər bu il iyulun 1-nə 1 810,7 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, iyunun 1-i ilə müqayisədə 4,1% və yaxud 70,9 mln. manat çoxdur.
 
İlin əvvəlinə nisbətən problemli kreditlər 338,1 mln. manat və yaxud 23%, son 1 ildə isə 270,9 mln. manat və yaxud 17,6% artıb.
 
İyunun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 13%, mayın sonuna 11,8%, ötən ilin sonuna 9%, ötən il iyunun sonuna isə 8,4% təşkil edib.
 
Problemli kreditlər ilk növbədə bankları sıradan çıxarır ki, bunun da ötən dövr ərzində şahidi olmuşuq. Belə ki, devalvasiyadan sonra 13 bank ləğv edilib. 
 
Onlardan 11-nin lisenziyası geri alınıb, 2-si isə birləşib. Bununla belə, banklarda yaranan problem həllini tapmayıb və hələ də bir neçə bank birləşdirilə və ya bağlana bilər.
 
Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan keçmiş maliyyə naziri, iqtisadçı-alim Fikrət Yusifov bildirib ki, problemli kreditlər ətrafında müzakirələr manatın birinci devalvasiyasından sonra başladı:
“İkinci kəskin devalvasiya bu müzakirələrin daha da genişlənməsinə səbəb oldu. Bir neçə aydan sonra artıq üç il olacaq ki, bu müzakirələr davam edir. Bu müddət ərzində mətbuat səhifələrində problemin həlli ilə bağlı kifayət qədər təkliflər səsləndirilib. Əsas təkliflər isə bankların müştərilərə münasibətində yeni yanaşımın ortaya qoyulması ətrafında olub. Lakin təəssüf ki, banklar praktik olaraq bu məsələdə öz müştərilərinə güzəştə getmək istəməyiblər. Əgər ötən dövr ərzində hansısa banklar güzəştə gediblərsə bu da sadəcə simvolik xarakter daşıyıb. Bu gün ölkədə bank islahatlarını sürətləndirmək istiqamətində müəyyən addımlar atılır. Ancaq manatın iki kəskin devalvasiyasından sonra xarici valyutada götürülmüş kreditlərin geri qaytarılması istiqamətində atılan addımları və görülən işləri qənaətbəxş hesab etmək olmaz. Burada koordinal addımlar atılmalıdır. Mərkəzi Bank bu məsələdə öz sözünü deməlidir. Əks halda daha çox məzənnə fərqinin yaratdığı və getdikcə artan problemli kreditlər bank sistemi üçün bir təhlükəyə çevrilə bilər. 
 
Hesab edirəm ki, Mərkəzi Bank daxili borclanmaya getməli və bu yolla da xarici kreditorlar qarşısında öhdəliyi olan banklara məzənnə fərqi ilə bağlı dəstək verməlidir. Banklar isə öz növbəsində müştərilərinə real güzəşt etməlidirlər. Problemli kreditlərlə bağlı məsələlərin həlli üçün hər hansı yeni bir qurum yaratmaq olar. Lakin bu qurumun əlində problemi çözmək üçün real bir mexanizm olmasa, onda onu yaratmağa lüzum yoxdur”.
 
İqtisadçı ekspert Natiq Cəfərli isə qəzetimizə açıqlamasında söyləyib ki, vəziyyət kifayət qədər gərgindir:
“Devalvasiyalardan sonra əhalinin borc yükü 2 dəfədən çox artdı, çünki ayrılan kreditlərin yarıdan çoxu xarici valyutada idi. Nəticədə banklar və əhali bu vəziyyətdən zərər gördülər. İş məhkəməyə qədər getdi çıxdı ki, bu da yaxşı hal deyil. Çünki onsuz da əhali bu kreditləri qaytara bilmirdi. Minlərlə insanı məhkəməyə verməklə nəyəsə nail olmaq müşkül məsələdir. Həm də bu prosesin statistikasında da problem var. Azərbaycan bankları iki-üç aydan bir az da olsa ödəniş edənləri problemli kredit saymırlar. Lakin beynəlxalq standartlara görə onlar da problemli kreditdir. Beynəlxalq nüfuzlu agentliklərin hesablamalarına görə, Azərbaycanda problemli kreditlərin həcmi təqribən 25 faizdir. Rəsmi rəqəmlər isə bundan iki dəfə azdır. Düşünürəm ki, hətta 25 faiz də çox optimist yanaşmadır. Bəzi banklar var ki, onlar hətta 40-45 faizə qədər problemli kreditlərlə üzləşiblər. Onu da deyim ki, xaricdə beynəlxalq maliyyə qurumlarında 3 faizdən artıq problemli kredit olan banklarda həyəcan təbili çalınır və idarəetmədə dəyişikliklərin olması ilə bağlı qərarlar qəbul edilir. Azərbaycanda isə bu rəqəmləri 10 dəfədən çox keçən banklar var. Buna görə də problemli kreditlərin həcmi artmaqda davam edir. Düşünürəm ki, yaxın aylarda da bu tendensiya davam edəcək. Çünki problemli kreditlərin azalmasının mənbəyi əhalidir. Əhalinin, biznesin isə aldıqları krediti geri qaytarma imkanları yoxdur. Həm faiz dərəcələri çox yüksəkdir, həm də devalvasiyadan sonra manat ekvivalentində götürdükləri pul iki dəfədən çox bahalaşıb. Ona görə də həm banklar, həm əhali, həm də dövlət əlini daşın altında qoymasa, bu problem qar uçqunu kimi arta-arta davam edəcək. Bu iki il ərzində Beynəlxalq Bankla bağlı görülən tədbir xaricində heç bir addım atılmayıb. Bu bankın xarici və daxili öhdəlikləri dövlət tərəfindən ödənilməyə başladı. Bir də əmanətlərlə bağlı problemlər olmasın deyə Mərkəzi Bank Əmanətlərin Sığortalanması Fonduna 500 milyon manat vəsait ayırdı. Dövlətin iştirakı bank sistemində bundan ibarət oldu. Problemli kreditlə bağlı heç bir tədbir görülməyib”.
 
ABŞ-da böhran illərindən sonra problemli kreditlərlə bağlı xüsusi agentlik yaradılsa da, ekspert bildirib ki, Azərbaycanda bunu etmək mümkün deyil:
“Amerikada biznes strukturları dövlətin iştirakı olmadan özləri bu işlə məşğul oldular. Banklar öz borcları daha aşağı qiymətə şirkətlərə satırdılar. Sonra isə şirkətlərlə vətəndaşlar arasında danışıqlar başlayırdı və müəyyən razılaşmalar, məhkəmə qərarından sonra ödənişlərin bərpa olunmasına çalışılırdı. Azərbaycanda isə dövlətin iştirakı olmadan problemi həll etmək mümkün deyil. Çünki bankların əlavə vəsait cəlb etmə imkanı yoxdur. Hətta bu yaxınlarda məlum oldu ki, kommersiya bankalarını xarici borcları da var və onun da qaytarılmasında problemlər yaşanır. Əhalinin də birdən-birə biznes şəraitini yaxşılaşdırıb, borclarını qaytarmaq kimi imkanı yoxdur. Dövlətin birbaşa iştirakı olmadan problemi həll etmək mümkün olmayacaq”. /

Google+ WhatsApp ok.ru