Ekspert: ‘Bu, panika deyil, hakimiyyətə inamsızlıqdır ’

Ekspert: ‘Bu, panika deyil, hakimiyyətə inamsızlıqdır ’

“Azadlıqinfo” “Bu, panika deyil, hakimiyyətə inamsızlıqdır” sərlövhəli məqalədə iqtisadçı-alim Qubad İbadoğlu son vaxtlar Azərbaycanda dollara artan tələbatın səbəblərinə aydınlıq gətirir.
 
Alim Azərbaycan hökumətinin dünya bazarında neftin kəskin ucuzlaşması ilə ölkədə dollara artan tələbatı panika adlandırmasına cavab olaraq deyir ki, bu, panika yox, hakimiyyətə inamsızlıq göstəricisidir: “Bunu əhalinin panikaya düşməsi ilə əlaqələndirən baş nazir və baş bankirin açıqlamaları iqtisadçı peşəsinə hörmətsizlik, iqtisadi qanunların isə inkarıdır”.
 
İqtisadçı hesab edir ki, bu nəzəriyyə istehlakçıların rasional baxışlarına, mövcud məlumat və proqnozlarına, keçmiş təcrübələrinə əsasən qərarı hökümətdən öncə qəbul etdiklərini göstərir.
 
Alim bəzi “ekspertlər”in əhalini iqtisadi savadsızlıqda qınamasını yersiz sayaraq, əlində olan manatını banklarda dollara dəyişmək istəyənlərin iqtisadi savadlarının bu “ekpertlər” və məsuliyyətsiz açıqlama verən dövlət rəsmilərindən də çox olduğunu vurğulayır.
 
Q.İbadoğlu deyir ki, əhali əlində olan pulları inandığı valyutada onsuz da  qazanmaq üçün deyil, yığımlarını qorumaq üçün saxlayır.
 
İqtisadçı hökuməti anti-böhran tədbirlərini dərc etdirməyə çağırır.
 
Q.İbadoğluna görə, hökumət iqtisadiyyatı elə duruma salıb ki, hazırda devalvasiya olsa da, olmasa da pisdir: “İki pisin arasından seçim etməyə məcbursunuz. Manatı 4 ildir ki, ölü vəziyyətdə saxlayırsınız. Heç bir valyuta tənzimlənməsi aparmırsınız. İndiyə qədər üzən məzənnə rejiminin tətbiqinə dair dəfələrlə danışsanız da, heç nə etmədiniz, daha doğrusu edə bilmədiniz. Çünki, Azərbaycanda neftdən kənar iqtisadiyyat yoxdur”.
 
Alimə görə, qeyri-neft ixracı inkişaf etdirilmədi, manat az da olsa böhrana hazırlanmadı, adambaşına 450 dollarlıq qeyri-neft ixrac hədəfi qoyulsa da 150 dollara çatdırıldı, ölkə də, iqtisadiyyat da yenidən 2015-ci il səviyyəsinə qaytarıldı.
 
Q.İbadoğlu vəziyyətin tezliklə düzəlməyəcəyini “mart çıxsa da, dərd çıxmayacaq” kimi ifadə edərək, rəsmiləri təklifləri eşitməyə çağırır, sonra gec olacağı xəbərdarlığı edir. 
 

Google+ WhatsApp ok.ru