Ekspert: Banklar krediti 30 faizdən yüksək verirlər

Ekspert: Banklar krediti 30 faizdən yüksək verirlər

«Exo» qəzetində «Azərbaycan banklarında sui-istifadə davam edir» sərlövhəli yazı oxumaq olar.
 
Yazıda ölkədə kreditlərin verilmə qaydası və şərtləri ekspert Əkrəm Həsənovla müzakirə edilir.
 
«Hazırda Azərbaycanda kreditlərin verilməsi faktiki qeyri-hüquqi müstəvidə baş verir. Mərkəzi Bank elan edir ki, xarici valyutada fiziki şəxslər üçün kredit faizləri 16.25 faiz, manatla 16.10 faiz təşkil edir. Gerçəklikdə isə bu faizlərlə kredit almaq sadəcə mümkün deyil»,-deyə ekspert bildirib.
 
Ə.Həsənov deyib ki, banklar faktiki dollarla kredit vermirlər. Manatla kreditə gəlincə, Mərkəzi Bank banklara bunu 15 faizlə verir:
 
«Məgər kommersiya bankları 15 faizlə kredit götürdüyü halda pulları elə həmin faizlə də verirlər? Bankların əhaliyə verdiyi kreditdən cəmi 1 faiz qazanmasını düşünmək özü axmaqlıqdır».
 
Ekspert deyib ki, hazırda maliyyə bazarında hətta hüquqi şəxslərə orta faiz dərəcəsi 20-25 arasında dəyişir. Fiziki şəxslərə isə bu, 30 faizdən yüksəkdir:
 
«Amma Mərkəzi Bank deyir ki, orta faiz dərəcəsi 16.10 faizdir. Onda belə çıxır ki, banklar bəzi müştərilərə kreditləri çox aşağı faizlə verir, əksəriyyət üçün isə daha sərt tələb və şərtlər müəyyən edir. Bu, artıq hüquq-mühafizə orqanları səviyyəsində müzakirə predmetidir. Bu onu göstərir ki, Azərbaycan banklarında sui-istifadə davam edir».
 
Ekspert hesab edir ki, bu siyasət hər şeydən öncə bank sektoruna böyük ziyan vurur:
 
«Hökumət hazırda bank sektorunun sağlamlaşdırılması ilə məşğuldur. Amma belə çıxır ki, kredit təşkilatları özləri bu məsələdə xüsusi olaraq maraqlı deyillər».(contact.az)
 

Google+ WhatsApp ok.ru