Ekspert: `Sosial media ilə konfliktə getməkdənsə, onlarla əməkdaşlıq etmək lazımdır`

İndiki məqamda Feysbuk, Tvitter, Skayp kimi sosial şəbəkələrin gəlirlərindən istifadə etmək lazımdır.  

Maide.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.  

Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun bu şəbəkələrin lisenziyalaşdırılması təklifi ilə bağlı danışan O.Gündüzün fikrincə, neftin ucuzlaşdığı indiki məqamda bu sosial şəbəkələrin büdcəsi Azərbaycanın büdcəsindən dəfələrlə çoxdur. Xəbərlər.az-a danışan ekspert yada salıb ki, dövlət başçısı bütün çıxışlarında birmənalı şəkildə İnternetin ölkəmizdə azad olduğunu bildirib:   “Bu səbəbdən sosial media ilə konfliktə getməkdənsə, onlarla partnyorluq, əməkdaşlıq etmək , ölkəmizə çağırmaq, ofislərinin burada açılmasına kömək etmək daha düzgün olardı”.   

O.Gündüzün sözlərinə görə, dünyada sosial medianın lisenziyalaşdırılması anlayışı yoxdur:  “Azərbaycan qanunvericilikdə lisenziyalaşdırılan rabitə xidmətlərinin adları var ki, nazirin sadaladıqları xidmətlərin adı orada yoxdur. Əgər beynəlxalq rabitə əlaqəsinin lisenziyalaşdırılmasından söhbət gedirsə, bu artıq lisenziyalaşdırılıb. “Delta Telekom” şirkəti Azərbaycanda İnternetlə bağlı lisenziya alıb və İnterneti digər qurumlara təqdim edir. Düşünürəm ki, İnternet üzərindən olan hansısa fəaliyyətin lisenziyalaşdırılması düzgün yanaşma olmazdı”.  

O.Gündüz onu da qeyd edib ki, Rusiya, Türkiyə, Belarusda hökumətin İnternetə qarşı qadağaları var:   “Bu zaman tam başqa addımlardan istifadə edilir. Xüsusilə Rusiyada fərdi informasiyaların qorunması, uşaqların qorunması adı ilə İnternetə qarşı müxtəlif məhdudlaşdırıcı addımlar atılır. Əgər söhbət hansısa zərərli, qanunsuz kontentin qarşısının alınmasından gedirsə, düşünürəm ki, zərərli informasiyaların qarşısının alınması İnternetin məhdudlaşdırılması, başqalarının hüquqlarının tapdanması hesabına olmamalıdır. Bu vətəndaşların məlumat almaq azadlığını məhdudlaşdırır”.  

Xatırladaq ki, Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov sosial şəbəkələrin lisenziyalaşdırılacağını bildirib. Nazir əlavə edib ki, rabitə xidmətləri göstərən Skayp, Feysbuk, Vatsap daxil olmaqla heç bir sosial şəbəkəyə məhdudiyyət qoyulmayacaq: “Azərbaycanda fəaliyyət göstərən rabitə xidmətlərinin bir neçəsi lisenziyalaşdırılmış xidmətlərdir. Hesab edirik ki, bu rabitə xidmətlərini göstərən  Skayp, Feysbuk, Vatsap da lisenziyalaşdırılmalıdır. Lisenziyalaşdırma istifadəçilər üçün heç bir problem yaratmayacaq. Ancaq tənzimləyici orqanlarla həmin şirkətlər arasında müqavilələr imzalanacaq”. 

Google+ WhatsApp ok.ru