Ekspert: `Yaşayış minimumu 144 manat, minimum pensiya 110 manatdır`

Ekspert: `Yaşayış minimumu 144 manat, minimum pensiya 110 manatdır`

-- Yeni qanunvericiliyə uyğun olaraq kimlər pensiya hüququ əldə edir?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov "Amerikanın Səsi"nə müsahibəsində pensiya islahatının doğurduğu problemlərdən danışıb.
 
Sual: Azərbaycanda aparılan son pensiya islahatı yaşlı nəslin sosial durumuna necə təsir edir? Yəni pensiya yaşlı nəslin sosial ehtiyacları üçün bəs edirmi?
 
Cavab: Xeyr. Mən düşünmürəm ki, son pensiya islahatları məhz yaşlı nəslin sosial təminatının gücləndirilməsinə hədəflənib. Bir sıra parametrlər var ki, bu parametrlər əvvəlki dövrlə müqayisədə pensiyaya əlçatanlığı aşağı salan məqamlardır. Eyni zamanda, növbəti dövrlərdə pensiyaya çıxan insanların orta pensiya məbləği əvvəlki dövrlə müqayisədə daha aşağı həcmdə müəyyənləşəcək. Çünki artıq pensiyada baza sistemi ləğv olunub və dövlət büdcəsindən maliyyələşən hissə yoxdur. Pensiya birbaşa insanların fərdi yığımlarından formalaşacaq. Nəzərə alsaq ki, ötən dövr ərzində Azərbaycanda əmək bazarı kifayət qədər illeqal formalaşıb və vətəndaşların böyük əksəriyyəti məhz əmək müqaviləsi olmadan, sosial müdafiəsiz çalışıb. Bu dövr ərzində onların fərdi sığorta hesablarında yığılan məbləğ ən yaxşı halda onlara minimum pensiya həddi, yəni 110 manat məbləğində pensiya verilməsini şərtləndirəcək. Bu isə indiki şərtlər daxilində bir vətəndaşın aylıq sosial xərclərini, tələbatını ödəmək üçün kifayət deyil. Hökumətin özünün müəyyənləşdirdiyi məbləğə görə yaşlılar üçün aylıq yaşayış minimumu 144 manat həcmindədir. 110 manat minimum pensiya məbləği aylıq yaşayış minimumundan hətta 20 faiz aşağıdır.
 
Sual: Ölkədə pensiya yaşı artırılıb. Buna zərurət var idimi? Hökumət bunu insanların orta ömrünün artması ilə izah edir. Sizin baxışınız necədir?
 
Cavab: Azərbaycanda orta ömrün artım dövrü əsasən 2000-ci illərdən sonrakı dövrə düşür. 2016-cı ildə insanların gözlənilən orta ömür müddəti 75 ilə çatıb. Hökumət isə daha erkən davranaraq pensiya yaşını buna uyğunlaşdırmaq cəhdi göstərdi və bu, qanunvericilikdə təsbit olundu. Hazırki şərtlər daxilində, yəni 1955-ci ildə doğulan insanların pensiyaya çıxmasını nəzərə alsaq, təxminən 2000-ci illərə qədər 45 ildə doğulanlar üçün orta ömür müddəti 71 ildir. Bu isə onu deməyə əsas verir ki, növbəti 45 il ərzində pensiyaya çıxanların gözlənilən orta pensiya müddəti ən yaxşı halda 6 il (72 ay) olacaq. Bu isə Azərbaycanda qanunvericiliklə təsbit olunan gözlənilən orta pensiya müddəti, yəni 144 ay müddətinə ziddir və bundan iki dəfə aşağıdır. Düşünürəm ki, buna heç bir ehtiyac yox idi. Bəzi hallarda bunu insanların işləməsi və işləmək istəyi ilə əlaqələndirirlər. Bu gün, rəsmi statistikaya görə, Azərbaycanda pensiyada olan 1 milyon 315 min insan var. Bu insanların yalnız 110 mini yaşa görə pensiya alan və işləyənlərdir. Yəni, ümumi pensiyaçıların yalnız 8 faizi bu gün pensiya alır və işləyir ki, bu da faktiki ciddi tələb formalaşdırmır. Onlar ən müxtəlif səbəblərdən işləyir.
 
Sual: Ölkədə pensiya qanunu stabil deyil, tez-tez köklü dəyişikliklər edilir. İnsanlar tez-tez dəyişən qanunvericilik fonunda öz qocalığına necə hazırlaşmalıdır?
 
Cavab: Məsələ ondan ibarətdir ki, müstəqillik dövründə ən müxtəlif səbəblərdən pensiya qanununa dəyişikliklərin edilməsi başa düşüləndir. Əgər daha təkmil, müasir tələblərə uyğun pensiya sistemi yaradılarsa haradasa izah oluna bilər. Amma qanuna dəyişikliklər pensiyaya əl çatanlığı aşağı salırsa, pensiyaya çıxış imkanlarını məhdudlaşdırırsa, bu, qəbul edilən deyil. Digər məsələ isə ondan ibarətdir ki, həqiqətən sürətli dəyişikliklər insanların pensiya dövrünə inamını aşağı salmaqla əslində sığorta yığımlarını məhdudlaşdırır. Bugünki pensiya qanunvericiliyi sosial sığorta yığımlarını stimullaşdıran bir mexanizm deyil. Bu səbəbdən hər il dövlət büdcəsindən pensiya məbləğlərini maliyyələşdirmək üçün 38-40 faiz əlavə olaraq Sosial Müdafiə Fonduna vəsait ayrılır. Fondun özü qurulmuş mexanizmlər çərçivəsində əhalidən o yığımları toplaya bilmir.
 
Sual: "Əmək pensiyası haqqında" qanuna yeni dəyişikliyi qısa formada necə izah edərdiniz?
 
Cavab: "Əmək pensiyası haqqında" qanuna dəyişiklik dövlət büdcəsindən fondun asılılığının azaldılması, yəni, dövlət büdcəsi üzərində mövcud olan fond təyinatlı fiksal yükün azaldılmasına hədəflənib. Burada izah olunma əsasən sosial sığorta yığımları ilə pensiya yığımları arasında optimallığın təmin olunmasıdır. Yəni vətəndaş nə qədər yığım edibsə, o qədər də pensiya alsın. Buna hədəflənmiş bir mexanizmdir. Bu mexanizmin neqativ tərəfləri kifayət qədər çoxdur. Növbəti dövrlərdə əhalinin böyük əksəriyyəti, xüsusilə də regionlarda çalışan 1 milyon 700 min nəfər torpaq mülkiyyətçisi olan insanın pensiya hüququndan istifadə etmək imkanları məhdudlaşacaq və pensiyaya çıxış imkanları aşağı düşəcək. Eyni zamanda, qeyd etdiyimiz kimi, yeni mexanizmlər bugünki pensiya sisteminin əsas maliyyə mənbəyi hesab olunan sosial sığorta yığımını təşviq etmir.
 
Sual: Yeni qanunvericiliyə uyğun olaraq kimlər pensiya hüququ əldə edir? İşsiz əhali pensiya alacaq?
 
Cavab: Mövcud qanunvericiliyə uyğun olaraq əhalinin iki sosial qrupu pensiya hüququ əldə edir. Bunlardan biri minimum pensiya kapitalını toplayan vətəndaşlardır. Bugünki şərtlər daxilində minimum pensiya məbləğinin 110 manat olması halında minimum pensiya kapitalı 15 800 manatdır ki, fərdi sığorta yığımında bu qədər məbləğ olan insanlar minimum pensiya almaq hüququ əldə edir.
 
İkincisi isə 25 il əmək stajı təqdim edə bilən vətəndaşlardır. Bu iki halda insanlar pensiya əldə edə bilir. Amma işsiz vətəndaşların, sadəcə, qocalıq müavinətindən istifadə etmək hüququ olacaq.
 
Sual: Qocalıq müavinəti nə qədər olacaq?
 
Cavab: Bu gün 55 manatdır.
 
Sual: Ölkədə hazırda nə qədər işsiz əhali var?
 
Cavab: İşsiz əhalini dəqiq müəyyənləşdirmək çətindir. Bununla əlaqədar geniş sorğu aparmağa ehtiyac var. Rəsmi statistika 2017-ci ildə 251 min işsiz əhalinin olduğunu açıqlayıb. Amma bizim müşahidələr onu göstərir ki, statistikanın hesablama metodologiyasında problemlər var. Biz bayaq qeyd etdiyimiz, adına fərdi torpaq sahəsi olan 1 milyon 700 min insan belə məşğul əhali hesab olunur. Öz evində fəaliyyət göstərən, ev işləri ilə məşğul olanlar belə çalışan insanlar sosial qrupuna daxildir. Bu isə doğru qiymətləndirmə deyil. Bu onu gəstərir ki, işsizlərin sayı rəsmi göstəricilərdən dəfələrlə çoxdur.
 
Sual: Yəni, evində fəaliyyət göstərən, fərdi təsərrüfatında işləyən insanlar pensiya ala biləcəkmi?
 
Cavab: Yeni qanunvericilikdə onlar üçün əlavə imkan yaradılıb. Könüllü yığım. Əgər bu vətəndaşlar işlədiyi dövrdə öz fərdi hesablarına əlavə vəsaitlər ödəyərlərsə növbəti dövrlərdə həmin vəsaitə uyğun olaraq pensiya ala bilərlər. Əks halda bu insanlar pensiya ala bilməyəcək. (contact.az)

Google+ WhatsApp ok.ru