Ekspert: `Ətin kilosu 20 manatadək qalxacaq`

Ekspert: `Ətin kilosu 20 manatadək qalxacaq`

“Son 7 ayda ət idxalı 2,2 dəfə artıb”

“2017-ci ilin 7 ayında Azərbaycana 748 mln 567 min dollarlıq ərzaq idxal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz çoxdur”.
 
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirir.
 
İdxal olunan ətin qiymətində artım var
İdxalın 17,1 faizi yeyinti məhsullarının payına düşüb:
“Dövr ərzində ölkəyə 39 mln 397 min dollar məbləğində 26,044 min ət idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə ətin həcmi 78,42, qiyməti 123,2 faiz çoxdur”.
 
Statistika Komitəsi bildirir ki, ölkəyə 6 mln 683 min dollar məbləğində 4,252 min ton süd (artım 49,6 faiz və 57,5 faiz), 40 mln 363 min dollar məbləğində 9,209 min ton (artım 2 faiz və 29 faiz) kərə yağı, 81 mln 203 min dollar məbləğində 180,012 min ton meyvə və tərəvəz (azalma 10 faiz və 0,08 faiz ), 27 mln 217 min dollar məbləğində 7,052 min ton çay (artım 4 faiz və 18 faiz ), 96 mln 220 min dollar məbləğində 512,200 min ton taxıl (azalma 35,05 faiz və 35,4 faiz ), 67 mln 134 min dollar məbləğində 69,367 min ton heyvani və bitki yağı (azalma 20,6 faiz və 14,4 faiz), 99 mln 112 min dollar məbləğində 212,174 min ton şəkər (artım 16 faiz və 28,4 faiz) idxal olunub:
“Eləcə də 253 mln 659 min dollar məbləğində 287,842 min ton meyvə və tərəvəz ixrac edilib. İxrac həcmində 62,43, qiymətində 42,40 faiz artım olub. Bundan başqa, 5 mln 517 min dollar məbləğində 978,27 ton çay (artım 52,65 faiz və 60,80 faiz), 9 mln 447 min dollar məbləğində 8,512 min ton heyvani və bitki yağı (artım 7 faiz və 11,6 faiz), 30 mln 048 min dollar məbləğində 46,054 min ton şəkər (azalma 24,42 faiz və 13,3 faiz), 14 mln 423 min dollar məbləğində alkoqollu və alkoqolsuz içkilər (artım 26 faiz) ixrac edilib”.
 
Meyvə və tərəvəz ixracı ümumi ixracın 4.12 , çay 0,09, piy və yağ 0,15, şəkər 0,5, içkilər 0,23 faiz təşkil edir. (“Turan” İA)
 
Məhsulun azalmasının səbəbləri
Ət məhsullarının ixracının və qiymətinin artmasına münasibət bildirən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Meydan TV-yə deyir ki, bunun ciddi səbəbləri var. Elə bu səbəblər həm ət istehsalının azalmasına, həm də qiymət artımına gətirib çıxarır:
“Hökumətə heyvandarlıq, yem istehsalını artırmaq, keyfiyyəti yaxşılaşdırmaq üçün təkliflər vermişdik. Məhsuldarlığı artırmağın yollarını izah etmişdik. Ancaq hökumət buna əks addımlar atdı. 100 min hektardan artıq örüş və təbii biçənək sahələrini əkin üçün istifadəyə verdi. Həmin ərazilərdə taxıl və pambıq əkdilər. Və hələ həmin 100 min hektar torpaqla qane olmayıblar. Əkin üçün ayrılan torpaqlar 150 min hektaradək artıb, tendensiya davam edir”.
 
Vahid Məhərrəmov deyir ki, bir tərəfdən örüş sahələri azaldılıb, digər tərəfdən yem istehsalını artıra bilməyiblər.
 
Ölkədə ot istehsalı tələbatın yarısı qədərdir:
“Qüvvəli yem istehsalına tələbat isə 2 milyon 500 min ton olduğu halda, cəmi 12 min ton istehsal edilir. Belə olanda da ət istehsalı azala-azala gedir. Ot, yem olmasa, mümkün deyil. 2017-ci ildə çoxillik yem bitkiləri istehsalı da azaldılıb. 72 min hektardan 49 min hektara düşüb. Bu il yoncanın kipinin qiymətinin artması bununla bağlıdır. Suvarma sistemi də yaxşı təşkil olunmur. Ot, yem istehsalının azalmasında bunun da rolu var. Bütün bunların hamısı da ümumi istehsala təsir edib”.
 
Ekspert bildirir ki, son illər mal-qaranın sayında da ciddi azalma var. Yem istehsal olunmadığı halda, kəndli məcbur heyvanı kəsimə verir:
“Sayın azalması həm də ət istehsalının azalmasına gətirib çıxarıb. Nəticədə ətin qiyməti bahalaşıb, idxal artıb. Hələ azmış kimi ölkəyə idxal olunan ətin də qiyməti bahalaşıb. Bunun da səbəbi bəzi ölkələrdə, məsələn, Hindistanda, Çində insanların yaşayış səviyyəsinin yüksəlməsi ilə bağlıdır. Əvvəl az ət istehlak edirdilər, indi çox. Ətə tələbatın arması isə dünya bazarında qiymət bahalaşmasına gətirib. Azərbaycanda isə alıcılıq səviyyəsi aşağı düşsə də, idxal artıb deyə, qiymət də artıb, artacaq. Bu da ölkədə ət istehsalında ciddi azalma olduğuna sübutdur”.
 
Vahid Məhərrəmov deyir ki, son 7 ayda ət idxalı 2,2 dəfə artıb. Ölkəyə kəsim üçün gətirilən diri heyvanların idxalı isə 55 faiz çoxalıb:
“Bütün bunlar gələcəkdə Azərbaycanda ətin qiymətinin artmaqda davam edəcəyindən xəbər verir. Yaxın günlərdə bizdəki vəziyyət Türkiyədə olduğu kimi olacaq. Ətin kilosu 20 manatadək qalxacaq”. /

Google+ WhatsApp ok.ru