Ekspertdən təklif: manat qıtlığı aradan qalxsın

Ekspertdən təklif: manat qıtlığı aradan qalxsın

Azərbaycanda manat bazasının ümumi daxili məhsuldakı (ÜDM) payı 11,4 faizdir.
 
Bu haqda iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert bildirib ki, bu ilin ilk rübündə Mərkəzi Bankın təşkli etdiyi depozit hərracları vasitəsi ilə pul bazası daha 600 milyon manat azalaraq, 6,8 milyard manata düşüb:
 
“Dünya Bankının məlumatına görə, pul bazasının ÜDM-də payı 89,9%, Mərkəzi Avropa və Baltik ölkələrində 63,3%, Türkiyədə 63,1%, Gürcüstanda 42,1%-dir. Böyük Britaniyada isə pul bazası ÜDM-dən 1,3 dəfə çoxdur. Rusiyada bu göstərici 42,5%, Qazaxıstanda isə 42,1%-dir. Göründüyü kimi, pul bazasının ÜDM-də payı Azərbaycanda digər ölkələr ilə müqayisədə xeyli kiçikdir. Bunun əsas səbəbi isə 2014-2015-ci illərdəki intervensiya və 2016-ci ildən başlanan manat sterilizasiyasıdır”.
 
İqtisadçının sözlərinə görə, pul bazasının məhdudlaşdırılması manatın məzənnəsini və eləcə də inflyasiya səviyyəsini tənzimləməyə imkan versə də, real sektorda xərcləmələri məhdudlaşdırır:
 
“Müasir antiböhran nəzəriyyələrinin əsas fəlsəfəsi xərcləmələrin təşviq edilməsidir. Xərcləmələrin genişlənməsi real sektorun inkişafı baxımından vacibir. İstehlakçı pul xərcləməlidir ki, biznes inkişaf etsin. Pul bazasının kiçilməsi manat qıtlığı yaradır ki, bu da birbaşa istehlakçıları xərcləməyə deyil, imkan daxilində yığıma təşviq edir. Banklarda nağdlaşdırma ilə bağlı limitləri və qadağaları da bura əlavə etsək, o zaman manat bazasının real sərhədlərini təsvir etmək çətin olmaz. Təəssüf ki, sərt pul-kredit siyasəti manat bazasının genişləndirilməsinə imkan vermir. Bu baxımdan pul bazasının məhdudlaşdırılması siyasətinin bazanın optimallaşdırılması siyasəti ilə əvəz olunmasına ehtiyac var. Manat qıtlığı nəinki uzun, hətta orta müddətli dövr üçün iqtisadi baxımdan arzuolunan deyil. Real sektorun və eləcə də qeyri-neft sektorunun inkişafı birbaşa pul bazasının optimallaşdırılması səviyyəsi ilə bağlı olduğundan, manat bazasının genişləndirilməsinə ehtiyac var”. (axar.az) /
 

Google+ WhatsApp ok.ru