Ekspertdən xəbərdarlıq: Avtomobilinizi onlardan qoruyun!

Ekspertdən xəbərdarlıq: Avtomobilinizi onlardan qoruyun!

Son günlər maşın qaçırma halları artdığı üçün avtomobil sahiblərini diqqətli olmağa çağırıram. Avtomobillərinizi müasir mühafizə sistemləri ilə təchiz edin.
 
Bu sözləri Axar.az-a Digesta hüquq firmasının rəhbəri, avtomobil eksperti Ərşad Hüseynov son günlər avtomobil qaçırma olaylarının çoxalması ilə bağlı danışarkən deyib.
 
Ekspert hesab edir ki, digər ölkələrlə müqayisədə avtomobil oğurluğu bizim ölkədə o qədər də tez-tez baş vermir. Onun fikrincə, bu, ölkənin miqyası ilə əlaqədardır:
“Avtomobil qaçırma halları Rusiya və Qazaxıstanda daha çox yaşanır. Bizim ölkədə az hallarda olsa da, baş verir. Azərbaycanda adətən avtomobil qaçırma halları talama məqsədilə edilmir. Ümumiyyətlə, avtomobil qaçırma iki cür olur. Talama məqsədilə qaçırılan maşının ehtiyat hissələri, detalları sökülərək satılır. Maşını sahibindən icazəsiz götürüb idarə etmək və sonra hardasa qoyub getmək isə talama məqsədi olmadan qaçırılma hesab edilir. Bizdə hər iki hala təsadüf olunur”.
 
Ekspert məsləhət görür ki, sürücülər avtomobillərini maksimum dərəcədə nəzarətsiz qoymasın:
“Avtomobillərinə müasir mühafizə sistemləri quraşdırsınlar. Yaxud da zavod istehsalı olan müasir mühafizə sistemlərinin daim saz vəziyyətdə olmasını təmin etsinlər. Vaxtaşırı mühafizə sistemlərini yoxlatdırsınlar. Mühafizəçi olmayan yerlərdə avtomobillərini park etməsinlər. Şübhəli yerlərdə avtomobil saxlamasınlar.
 
Yol hərəkəti haqqında qanunda tələb edilir ki, avtomobili qoyub gedən sürücü mütləq onu park vəziyyətinə gətirməlidir. Qapı pəncərəsini bağlamalı, kilidləməlidir. Mühafizə sistemi varsa, onu işə salmalıdır. Düzdür, müasir avtomobillərdə avtomobili kilidləyən kimi mühafizə sistemi avtomatik işə düşür, amma hər halda onlara da nəzarət olunmalıdır. Avtomobilin qapısını, şüşəsini açıq qoyub getməsinlər”. /

Google+ WhatsApp ok.ru