Eldəniz Quliyev AİP lideri Mövsüm Səmədovla görüşündən danışdı - Müsahibə - YENİLƏNİB

Eldəniz Quliyev AİP lideri Mövsüm Səmədovla görüşündən danışdı - Müsahibə - YENİLƏNİB

(ilk xəbər 05-06-2017 tarixində 23:20-də dərc olunmuşdur)

Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev Azərbaycan İslam Partiyasının həbsdə olan sədri Mövsüm Səmədovla görüşüb. FaktXeber.com görüş təəssüratlarını öyrənmək üçün E.Quliyevdən müsahibə götürüb.
 
Müsahib ilk öncə həbs olunmuş İnanclı İnsanların Hüquqlarının Müdafiə Komitəsinin sədri olduğunu xatırlatdı: «Mənim qayda-qanunla müdafiə etdiyim insanlarla görüşməyə ixtiyarım var. Sadəcə, buna imkan yaratmırlar. Mövsüm Səmədovla görüşmək üçün həbsdə olduğu 7 il müddətində penitensiar xidmətə 7 dəfə rəsmi məktubla müraciət etmişəm. Yəqin ki, hər iclasda, müsahibədə bu barədə etirazımı bildirdiyim üçün sonuncu məktubuma müsbət cavab vermək istəyiblər. Dünən də saat 14.55-də zəng elədilər ki, gedib görüşə bilərsiniz, icazə verilib».
 
 
Komitə sədrinin sözlərinə görə, dəfələrlə karsa salındığı, həm də neçə illərdir ki, 4 divar arasında qaldığı üçün görüş zamanı AİP liderini bir az üzgün görəcəyini düşünüb: «Gözlədiyimin əksinə, çox yaxşı, optimist görünürdü. Mən təkcə müdafiə komitəsinin sədri kimi yox, onu çox istəyən bir dost kimi də yanına  getmişdim. Məni görməyinə çox şad oldu. Biz 2 saata qədər söhbət elədik. Belə gördüm ki, Hacı ölkədə baş verən siyasi, sosial, iqtisadi, psixoloji hadisələrdən yetərincə xəbərdardır. Əli ölkədə baş verənlərin nəbzinin üstündədir. Hərtərəfli söhbət elədik, ürək-dirək verdim. Onu yenidən Qobustana, qapalı cəzaçəkmə müəssisəsinə göndərmək istəyirlər. Deyir ki, hazırdır, Allah nə yazıbsa, o da olacaq. Qətiyyən sınmayıb, sınmaq işartıları da yoxdur. Əksinə, möhkəmdir, ruhu yüksəkdir, mübarizə əzmindədir».
 
Eldəniz Quliyev Mövsüm Səmədovun səhhəti ilə bağlı da məlumat verdi. Onun sözlərinə görə, AİP sədrinin bir neçə xəstəliyi var və cəzaçəkmə müəssisəsində görüş zamanı bu barədə söhbət ediblər: «Onda varikoz şişmələri var, o, açıq havada olmalı, gəzməlidir. Bunların əksəriyyəti qapalı həbsxanada beton üzərində aldığı xəstəliklərdir. Təbii ki, yalandan desək ki, şad-xürrəmdir, kefi kökdür, o da düz olmaz. Hər halda 7 ildir ki, bu adam həbs olunub və qərəzlə iki aydan bir karsa salınır. Necə olmalıdır? Amma yenə də deyirəm, ruhu möhkəmdir».
 
Ziyalılar Birliyinin sədri sonda Mövsüm Səmədovun  cəmiyyətə ismarıcını da çatdırdı: “Hacı Mövsüm Səmədov hamını müqəddəs Ramazan  ayının gəlişi münasibəti ilə təbrik elədi, onların oruc-namazlarının qəbul olunmasını dilədi. Bildirdi ki, bütün bunlar ötəridir, hər şey yazıdır. Heç kim ruhdan düşməsin. Allah, iman, haqq-ədalət yolunda mübarizə aparanlar bir anlıq da olsun öz yollarından sapmasınlar, çəkinməsinlər.» 
 
Xatırladaq ki, Qaradağ Rayon Məhkəməsində baş tutan məhkəmə prosesində dövlət ittihamçısı AİP liderinin 3 il müddətinə Qobustan Qapalı Tipili Təcridxanasına göndərilməsi istəyib. Hakim hökm oxumaq üçün məhkəməni növbəti prosesə saxlayıb. Növbəti məhkəmə prosesi iyun ayının 9-na təyin edilib. Qeyd edək ki, AİP liderinə qarşı baş verənlər ölkə ictimaiyyətinin, hüquq müdafiəçilərinin və beynəlxalq təşkilatların narazılığı ilə qarşılanıb. /

Google+ WhatsApp ok.ru