Elektrik implant iflic olan xəstələrə yeriməyə imkan verir

Elektrik implant iflic olan xəstələrə yeriməyə imkan verir

Beldən aşağı iflic olan 3 xəstənin onurğa beyninə elektrik implant qoyulduqdan sonra onlar yeriyə biliblər.
 
Ekspertlərin bildirdiyinə görə, implant zədə yerinin aşağısında yerləşdirilir və beyindən əzələlərə göndərilən siqnalların ayaq əzələlərinə çatmasını təmin edir.
 
Louisville Universiteti və Mayo klinikasından olan ABŞ tədqiqatçılar qrupu keçirilmiş tibbi sınaqların nəticəsini Nature Medicine və New England Journal of Medicine jurnallarında dərc ediblər.
 
Elmi qrup yeni üsulun uğurlu nəticə verdiyini qeyd edib.
 
Yeni texnologiyaya əsaslanan müalicə kursundan keçmiş xəstələrdən biri deyib ki, bu texnologiya onun həyatını dəyişib".
 
Bədbəxt hadisədən sonra ümid
 
Floridadan olan 23 yaşlı Kelly Thomas müalicə kursunu Louisville Universitetində keçib.
 
O deyib ki, yeni texnologiya onun həyatını dəyişib.
 
Avtomobil qəzasından sonra beldən aşağı iflic olan Kelly-nin sözlərinə görə, müalicədən sonra ilk addımlarını özü ata bildiyi anları heç zaman unutmayacaq.
 
"Texnologiyanın köməyilə insan bədəninin nəyə qadir olması heyrətamizdir", - Kelly deyib.
 
 Dağlarda velosiped sürərkən zədə almış Jeff Marquis də yeni müalicə üsulundan bəhrələnib.
 
35 yaşlı kişi indi çərçivəvarı dəstəyə söykənərək və kənar adamın qolundan yapışaraq yeriyə bilir.
 
Digər bir xəstə, 29-yaşlı Jered Chinnock Mayo klinikasında Los Angeles-dəki California universitetinin iştirakı ilə müalicə kursu keçib.
 
O, 2013-cü ildə snoubord sürərkən belindən zədələnib. Yeni texnologiya əsasında müalicə kursundan sonra o, 100 metrdən də artıq məsafəni qoltuqla yeriyə bilir.
 
 Yeni üsul çərçivəsində tətbiq edilən implant zədəni sağaltmır, lakin onurğa beyinin zədədən aşağıdakı sinirlərinə təsir göstərir.
 
Bu, beynin göndərdiyi siqnalların əzələyə çatmasını təmin edir, nəticədə, iflic olmuş şəxs yenidən özü öz hərəkətini idarə edə bilir.
 
Stimullaşdırıcı elektrik implant söndürüləndə isə beyindən göndərilən əmrlər beldən aşağı yenə də keçmir.
 
Rochester-də yerləşən Mayo klinikasındakı elmi qrupun rəhbərlərindən biri, neyrocərrah doktor Kendall Lee bu tədqiqatın "hələ yalnız erkən mərhələdə olduğunu" qeyd edib.
 
"Bu, iflic olan xəstələrə ümid verir", - cərrah deyib. (bbc)
 

Google+ WhatsApp ok.ru