Elektriklə işləyən yeni avtomobillər yaradılır

Elektriklə işləyən yeni avtomobillər yaradılır

-- bir dəfəyə 300 km və 470 km məsafə qət etməyə qadir avtomobillər...

Builki Cenevrə Beynəlxalq Motor Sərgisində avtomobil istehsalçıları əvvəlki illərə nisbətən daha çox elektrik avtomobili sərgiləyəcəklər.
 
Ötən həftəsonu ABŞ prezidenti Donald Trump mümkün ticarət müharibəsində Avropa maşın istehsalçılarına xüsusi tariflər tətbiq edəcəyini deyib. Trump-ın bu hədəsi Avropa avtomobil şirkətlərini əndişələndirib.
 
Bir dəfəyə 498 kilometr
Üç iri alman avtomobil istehsalçısı - Volkswagen, Daimler və BMW — bu imkandan yararlanaraq özlərinin yeni hay-tek elektrik maşınlarını sərgiləyəcəklər. Bu istehsalçılar dizellə işləyən avtomobillərlə bağlı ciddi problemlər yaşayıblar. Almaniya şəhərlərində dizeldən istifadənin yasaqlanması cəhdləri bu problemlərdən biridir. Bundan başqa, şirkətlərin laboratoriya təcrübələrində meymunlardan istifadəsiylə bağlı da qalmaqal yaşanmışdı.
 
Martın 8-də açılacaq Motor Sərgisi martın 18-dək davam edəcək.
 
Yeni texnologiyaları ucuz və funksional etməyə çalışan avtomobil istehsalçıları bir-biri ilə yarışır.
 
Sərgiyə gətirilmiş avtomobillərdən bəziləri, o cümlədən Volkswagen-in avtonom (özü idarə olunan) və batareya ilə işləyən I.D.Vizzion modeli hələlik istehsala hazır olmayan konseptlərdir. Ancaq burada artıq yaxın aylarda satışa çıxarılacaq maşınlar da nümayiş etdiriləcək. Jaguar Land Rover-in batareya ilə işləyən Jaguar I-Pace SUV modeli belə avtomobillərdəndir. Onun yenidən yükləməyə qədər qət edə bildiyi maksimal məsafənin 498 kilometr olduğu bildirilir.
 
Mercedes-Benz özünün EQ elektrik brendində yeniliklər edib. Hyundai-sa bir dəfəyə 300 km və 470 km məsafə qət etməyə qadir Kona Electric modellərini göstərəcək. BMW və Jaguar kimi lüks maşın istehsalçıları sərgidən əliboş getməməyə, Tesla-nın potensial alıcılarının bir hissəsini ələ keçirməyə ümid edirlər. (azadliq.org)
 

Google+ WhatsApp ok.ru