Elektron qolbaqla izləmə qanunu işə düşdü

Elektron qolbaqla izləmə qanunu işə düşdü

-- sənədlər dünəndən, aprelin 15-dən qüvvəyə minib

Baş nazir Artur Rasizadə məhkum edilən və ya barəsində qətimkan tədbiri seçilən şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısını təsdiq edib. Elektron nəzarət vasitələrindən istifadə qaydaları da təsdiqlənib.
 
Nazirlər Kabinetinin (NK) məlumatına görə, sənədlər dünəndən, aprelin 15-dən qüvvəyə minib.
 
NK-nın qərarına görə, məhkum edilən və ya barəsində qətimkan tədbiri seçilən şəxslərə 4 növ vasitə tətbiq edilə biləcək. Bunlar elektron qolbaq, mobil nəzarət qurğusu, ev nəzarət stansiyası və ev siqnal ötürücüsüdür.
 
Elektron qolbaq şəxsin ayağına bağlanacaq. Həmin vasitə coğrafi yerdəyişməni izləyəcək, monitorinq mərkəzinə bununla məlumat ötürəcək. Mobil nəzarət qurğusu elektron qolbaqla birgə istifadə ediləcək. O, daim şəxsin yanında olacaq, qolbaqdan daxil olan izləmə məlumatlarını eyniləşdirərək monitorinq mərkəzinə verəcək.
 
Ev nəzarət stansiyası da elektron qolbaqla birgə istifadə edilməlidir. O, şəxsin yaşadığı evdə quraşdırılan elektron cihazdır.
 
Evdə quraşdırılmalı olan ev siqnal ötürücüsü isə elektron qolbaqdan daxil olan siqnalları mobil nəzarət qurğusuna ötürən elektron vasitədir.
 
Xatırlatma
2017-ci ilin oktyabrında ölkə parlamenti Azərbaycan prezidentinin cinayət qanunvericiliyinə təklif etdiyi dəyişiklikləri təsdiqləyib.
 
Həmin vaxt təkliflərdən ən çox müzakirə ediləni Cinayət Məcəlləsinə yeni cəza növü - azadlığın məhdudlaşdırılmasının daxil edilməsi ilə bağlı idi. Azadlığın məhdudlaşdırılması məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarətdə saxlanmasından ibarətdir.
 
Elektron nəzarət vasitələri ilə izləmə də elə həmin dəyişikliklərin bir parçası idi. Bu dəyişikliyin məqsədi böyük ictimai təhlükə törətməyən, az ağır cinayət törədən şəxsin ailə və cəmiyyətin təsirindən istifadə edərək islah olunmasına şərait yaratmaqdır.
 
Cinayət Məcəlləsinə əlavə edilən 156-1-ci maddədə yazılır ki, elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə onun dəyəri həmin şəxsdən tutulacaq. Elektron nəzarət vasitəsi tətbiq olunan şəxs qadağalara əməl etməzsə, onu daha ciddi qətimkan tədbiri gözləyir. (azadliq.org)
 

Google+ WhatsApp ok.ru