Elçin Əmiraslanov 9 gündür aclıq edir

Elçin Əmiraslanov 9 gündür aclıq edir

İyunun 1-dən etibarən Qobustan qapalı həbsxanasında ölüm aclığına başlayan ömürlük məhbus, “OMON”un komandirlərindən olmuş Elçin Əmiraslanov aksiyanı davam etdirir. 21 ildir həbs cəzası çəkən Qarabağ əlilinin vəziyyəti günbəgün ağırlaşır. Ölümlə üz-üzə qalan E.Əmiraslanov sona qədər aksiyanı davam etdirməkdə israrlıdır.
 
Aidiyyəti qurumlar, siyasi qurumlar, əksər hüquq müdafiəçilərinin sabiq komandirin durumu ilə ilgilənməməsi də müzakirələrə yol açıb. 
 
Qarabağ Azadlıq Təşkilatının sədri, Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Akif Nağı “Yeni Müsavat”a açıqlamasında insanları E.Əmiraslanova dəstək verməyə çağırdı: “Bu şəxs Qarabağ uğrunda canını fəda edib. Veteran cəmiyyətləri, siyasi partiyalar, hüquq müdafiəçiləri, aidiyyatı dövlət qurumları niyə susurlar? Bir insana bu qədər də biganə münasibət olmaz. Mənim bir yerlim var, vaxtilə Qobustan həbsxanasının rəisi olub. Ondan Elçin barədə bəzi şeyləri soruşdum. Əminliklə dedi ki, Elçin ideal adamdır, onu o qədər təriflədi. Hətta dedi ki, aclıq edirsə, tələbləri yerinə yetməyincə aksiyanı davam etdirəcək, ölsə belə. Onun döyüş yoldaşları hara baxır? Onlarla veteran cəmiyyətləri var. Niyə Elçinlə maraqlanmırlar? Sanki haradansa tapşırıq gəlməsini istəyirlər. Artıq bir həftədən çoxdur aclıq aksiyası keçirir. Bu, ölüm deməkdir. Hüquq müdafiəçiləri var ki, onlarla müxtəlif adlarda təşkilatlar yaradıblar. Qobustana gedib Elçinə niyə baş çəkmirlər? Bir söz deyən kimi, hamısı bizə düşmən olur. Bəs deməyək? Harada görünüb ki, bir ömürlük məhbus bir həftədən çox aclıq aksiyası keçirsin, həmin ölkənin hüquq müdafiəçiləri sussunlar, həbsxanaya baş çəkməsinlər? İstəyirik ki, hüquq müdafiəçiləri bu qədər susqun olmasınlar. Müdafiə Komitəsi olaraq hər şeyi üstümüzə yıxıblar, borcumuzdur əlimizdən gələni etmək. Amma sizlər də nəsə edin”.
 
Hüquq müdafiəçisi Novella Cəfəroğlu bu məsələdə hüquq müdafiəçilərinin susmaları barədə deyilənlərlə razı deyil: “Onların məsələlərini hər yerdə qaldırırıq. Cəzalarının illə əvəz olunmaları barədə əlimizdən gələni edirik. Nahaq bu cür fikirləşirlər ki, onlar diqqətimizdən çıxıb. Sadəcə, gördüyümüz işləri mətbuata ötürmürük. Nə qədər ağır cinayətləri olsa da, 20 ildən çox həbsxanada olan məhbusların yenidən məhkəmələrinin keçirilib, onların cəzalarının illə əvəz olunmasını istəyirik. Elçinin aclıq aksiyası ilə bağlı aidiyyəti qurumlara müraciətlərimiz də var. Görüş üçün də müraciətlər edilib. Sadəcə, mətbuata xəbər vermirik”.
 
E.Əmiraslanovun vəkili Elçin Sadıqov şənbə günü onunla görüşəcəyini bildirdi: “Elçin Əmiraslanovun müalicə müəssisəsinə köçürülməsi ilə bağlı müraciət etmişik. Lakin müraciət etdiyimiz aidiyyəti qurum bizə heç bir cavab vermir. Onun müalicə müəssisəsinə köçürülməkdən başqa yolu yoxdur. Əgər aclıqdan ölməsə, xəstəlikdən öləcək”.
 
Qeyd edək ki, E.Əmiraslanov Hepatit C-dən əziyyət çəkir. Həbsdə olduğu müddət ərzində hər il müalicə alan “OMON” komandirinə bu il müalicə olunmağa icazə verilmir. Buna etiraz edən keçmiş komandir çıxış yolunu ölüm aclığına başlamaqda görüb. (musavat) /

Google+ WhatsApp ok.ru