Elçin Məmməd 4 il həbs cəzası alıb

Elçin Məmməd 4 il həbs cəzası alıb

Oktyabrın 14-də Sumqayıt şəhər Məhkəməsinin hakimi Pərviz Hacıyevin sədirliyilə keçirilmiş prosesdə “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin sədri Elçin Məmməd 4 il azadlıqdan məhrum edilib.
 
Bu barədə onun yaxınları məlumat verib.
 
Elçin Məmməd Cinayət Məcəlləsinin 177.2.4 (oğurluq) və 228.1 (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunub.
 
Yaxınlarının deməsinə görə, E.Məmməd məhkəmə prosesində özünü təqsirli bilməyib və bildirib ki, 4 illik həbs cəzası ona qarşı qərəzin və diskriminasiyanın nəticəsidir. "Bütün bunlar mənim hüquq müdafiəçisi kimi fəaliyyətimlə bağlıdır. Azərbaycandakı insan hüquqlarının vəziyyətilə bağlı yaydığım tənqidi hesabatlara və sosial şəbəkələrdəki yazılarıma görə adekvat cavabdır. Mən buna görə dəfələrlə polisə çağrılmışam və sonuncu dəfə Sumqayıt şəhər prokuroru tərəfindən rəsmi xəbərdarlıq almışam. Keçən ilin sonlarında ölümlə hədələnmişəm, həyatıma təhlükə olması barədə Baş Prokurorluğa şikayət etmişəm”, yaxınlarının deməsinə görə, o qeyd edib.
 
Verilən məlumata görə,E.Məmməd daha sonra da deyib:
 
“ Prokurorluq məsələnin araşdırılması üçün polisə müraciət etsə də cinayət işinin başlanması rədd edilib. Buna baxmayaraq elə həmin polis bölməsi bu ilin martında saxta şikayət əsasında barəmdə toplanan materialları istintaq şöbəsinə göndərib. Hədələndiyim barədə müraciətimlə bağlı polis bölməsinin mənfi qərarından məhkəməyə şikayət etmişəm. Ona da hazırki cinayət işi üzrə hakim Pərviz Hacıyev baxır". /azadliq.org/ 
 
Məhkəmə qərarından artıq apellyasiya şikayəti verilib.
 
Elçin Məmmədin səsləndirdiyi fikirlərərə, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və başqa rəsmi qurumlardan, hələlik, münasibət almaq mümkün olmayıb.
 
Xatırlatma
 
Bu il martın 31-də Elçin Məmməd barəsində 3 aylıq həbs- qətimkan tədbiri seçilib.
 
Sumqayıt sakinlərindən biri Elçin Məmməddən polisə şikayət edib. O bildirib ki, Elçin Məmməd onun çantasından 7500 manatlıq zinət əşyası oğurlayıb. O, isə bunu cəfəngiyyat adlandırıb.
 
Elçin Məmmədin rəhbərlik etdiyi “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birıliyinin ofisində axtarış aparılıb. Cinayət işində adı keçən zinət əşyalarının da ofisdən çıxdığı qeyd edilib. Üstəlik, də doqquz ədəd patron aşkar olunduğu bildirilib. Elçin Məmməd isə axtarışzamanı evə zəng vuranda bu əşyaları ora kiminsə qoyduğunu vurğulayıb və onları ora özünün qoymadığını söyləyib.

Google+ WhatsApp ok.ru