Elçin Qasımov və daha 11 nəfər barəsində hökm qüvvədə saxlanıldı

Elçin Qasımov və daha 11 nəfər barəsində hökm qüvvədə saxlanıldı

-- Bakı Apelyasiya Məhkəməsində

“Müsəlman Birliyi” Hərəkatının sədr müavini, ilahiyyatçı alim Elçin Qasımov, hərəkatın üzvləri Nahid Qəhrəmanov, Ağaəli Yəhyayev, Vüsal Alış və digərlərinin apelyasiya şikayəti üzrə məhkəmə prosesi aprelin 4-də başa çatıb.
 
Təqsirləndirilən 12 nəfər 2015-ci ilin sonunda Nardaran hadisələri zamanı həbs olunub. Onlara qarşı qanunsuz silah saxlama, dövlət çevrilişinə cəhd, dini nifaq salma və s. ittihamlar irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il 3 aydan 15 ilə qədər azadlıqdan məhrum edilən 12 nəfərin heç biri özünü təqsirli bilmir.
 
Bəraət istəyən təqsirləndirilən şəxslərin şikayətinə Bakı Apelyasiya Məhkəməsində hakim Elşad Şamayevin sədrliyilə baxılırdı.
 
Təqsirləndirilən şəxslərin vəkilləri və özlərinin də əksəriyyəti ötən məhkəmə iclasında çıxış etmiş, bəraət hökmü çıxarılmasını istəmişdilər. Keçirilən məhkəmədə qalan iki vəkil və təqsirləndirilən şəxslərdən Fərhad Muradov çıxış edib.
 
Daha sonra hakim Elşad Şamayev apelyasiya şikayətlərinin təmin olunmaması, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli hökmünün qüvvədə qalması barədə hökmü elan edib.
 
Təqsirləndirilən şəxslər qərara “Biz zülm etmərik, zülmə boyun əymərik” şüarı ilə qarşılıq veriblər.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Elçin Qasımov və Ağa Əli Yəhyayev 15 il, Nahid Qəhrəmanov 13 il, Fərhad Muradov, Elgün Axundov, İsa İbrahimov, Vüsal Alış və Seyfəddin Şirvanov 12 il 6 ay, Əmirəli Əliyev, Ramil Əliyev, Əli Şahbazov və Seymur Aslanov 12 il 3 ay azadlıqdan məhrum edilib.(meydan.tv)
 

Google+ WhatsApp ok.ru