Elman Rüstəmov xalqa müraciət elədi: `Sakit olun...`

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov əhaliyə müraciət edib.
Virtualaz.org saytı xəbər verir ki, AzTV-yə müsahibə verən Elman Rüstəmov əhalini sakit olmağa çağırıb.
AMB sədri bildirib ki, manatın ucuzlaşması əhalinin gəlirlərində 1/100 qəpik qədər hiss olunacaq.
"Birrəqəmli inflasiya nəinki qorxulu deyil, hətta iqtisadiyyatın və biznesin stimullaşdırılması üçün faydalıdır. Əhalinin seçim imkanları çoxdur. Vətəndaşlar öz gəlirlərini müxtəlif valyutalarda saxlaya bilər" - deyə Mərkəzi Bankın sədri bildirib.
Elman Rüstəmov deyib ki, manatın ucuzlaşmasına görə əhalinin narahatlığı və nigarançılığı üçün heç bir əsas yoxdur: "Banklara tapşırmışıq ki, əhalinin əmanətlərinin manatdan dollara keçirmək istəyinə mane olmasınlar, təki depozitlər banklarda qalsın".
Qeyd edək ki, Azərbaycanda valyuta dəyişmə məntəqələrində manat dollara nəzərən 0,05 faiz ucuzlaşıb. Mərkəzi Bankın saytında 1 dollar 0,7844 AZN idisə, indi 0,7848 AZN-dir. Şəhərdəki bəzi valyuta dəyişmə məntəqələrində isə 0,7868-dir.
Xatırladaq ki, dünya bazarında ötən ilin avqustundan başlayaraq neftin qiymətinin ucuzlaşması fonunda dolların dəyəri artıb. Rubl, avro və digər valyutalar kəskin ucuzlaşsa da AMB ötən 7 ayda manatı sabit saxlayıb. Rəsmi məlumatlara görə, ötən iki ayda AMB manatın saxlanmasına 2,3 milyard dollar xərcləyib. Bu isə AMB-nin 13 milyardlıq ümumi ehtiyatının cəmi 15 faizi qədərdir.
 
Onu da deyək ki, bu gün Bakının maliyyə bazarında dolların bahalaşması ilə bağlı ciddi ajiotaj yaşanıb. Əhali "manat ölür" deyə panikaya düşərək əlindəki manatdan xilas olmağa çalışıb və valyutadəyişmə məntəqələrinə axışıb. Banklar isə dollar satışını məhdudlaşdırmağa çalışıb.

Google+ WhatsApp ok.ru