Elmar Məmmədyarov Çində Qarabağdan danışıb

Xarici işlər naziri Çin Beynəlxalq Tədqiqatlar İnstitutunda çıxış edib

Azərbaycan  Xarici işlər naziri Elmar Məmmədyarov Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində Çin Beynəlxalq Tədqiqatlar İnstitutunda “Azərbaycan Respublikasının xarici siyasətinin prioritet istiqamətləri” mövzusunda təşkil edilmiş tədbirdə çıxış edib. 
 
XİN-in mətbuat xidmətindən Maide.az-a verilən məlumata görə, E. Məmmədyarov çıxış edərək, ölkəmizin xarici siyasətinin prioritet istiqamətləri, uğurlu iqtisadi inkişaf modeli, həyata keçirilən siyasi, iqtisadi və sosial islahatlar və icra edilən infrastruktur layihələri barəsində tədbir iştirakçılarına ətraflı məlumat verib.
 
Ölkəmizin coğrafi mövqeyinin strateji əhəmiyyəti barəsində danışan nazir Elmar Məmmədyarov coğrafi mövqeyin, geoloji və geostrateji amillərin ölkəmizin xarici siyasətinin istiqamətlərinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. 
 
Nazir Elmar Məmmədyarov ölkəmizin təşəbbüsü ilə regionda həyata keçirilən nəqliyyat infrastruktur və kommunikasiya layihələri barədə danışaraq, Bakı-Tibilisi-Qars dəmiryolu xəttinin əhəmiyyətini qeyd etmiş və bu layihənin mal dövriyyəsinin artırılması və regionda yaşayan xalqların rifahının yaxşılaşdırılması üçün əlverişli imkanlar yaradacağına əminliyi ifadə edib.
 
Azərbaycanın davamlı iqtisadi inkişaf göstəricilərinə malik olduğunu deyən nazir Elmar Məmmədyarov Beynəlxalq Valyuta Fondu, Dünya Bankı kimi maliyyə təsisatlarının hesabatlarında Azərbaycanın iqtisadiyyatının sabit və sağlam şəkildə xarakterizə olunduğunu qeyd edərək, “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyası haqqında məlumat verib.
 
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğalçı siyasətinin nəticələri barəsində danışaraq, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin Ermənistan tərəfindən hələ də icra olunmadığını vurğulayıb.
 
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın region ölkələri və Avropa İttifaqı ilə münasibətləri, Yaxın Şərq və Mərkəzi Asiya regionundakı vəziyyət və qlobal və regional proseslərlə bağlı ölkəmizin mövqeyinə dair tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Google+ WhatsApp ok.ru