Elmar Məmmədyarov: “ATƏT-in Minsk Qrupu Ermənistana təzyiq göstərməlidir”

ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakıdadır. Danışıqlar davam edir və onların yekunlarına görə bəyanat veriləcək. Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Qarabağ nizamlanmasına dair danışıqların yekunları barədə sualın cavabında bildirib.
 
Bazar ertəsi İranın XİN rəhbəri Məhəmməd Cavad Zəriflə görüşündən sonra keçirdiyi birgə mətbuat konfransında E.Məmmədyarov bildirib ki, Bakının mövqeyi dəyişməzdir.
 
  “Biz dəfələrlə təklif etmişik ki, Madrid prinsipləri əsasında Böyük Sülh Sazişi bağlansın”, - o qeyd edib.
 
“Belə saziş üzərində ekspertlər səviyyəsində danışıqları mümkün hesab edirik”, - nazir vurğulayıb.
 
“Madrid prinsipləri sülh sazişi üzərində ciddi danışıqlara başlamaq üçün əsas verir. Yoxsa hər dəfə həmsədrlərin atəşkəsin pozulmasından sonra bəyanatlar verməsi düzgün deyil. Regionda sülhə nail olunması üçün ciddi danışıqlar başlamalıdır. Həmsədrlər  müvafiq çağırışlar etməlidirlər”, - o bildirib.
 
Nazir həmçinin deyib ki, iki azərbaycanlı girov - Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələ həm ATƏT-in Minsk Qrupu, həm də Avropa İttifaqı nümayəndələri qarşısında daim qaldırılır.
 
Öz növbəsində iranlı nazir qeyd edib ki,  ölkəsinin sərhədlərinin 100 kilometri münaqişə ərazisində yerləşir.
 
“İran Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllini istəyir”, - o vurğulayıb.

Google+ WhatsApp ok.ru