Elmar Məmmədyarov: ABŞ Dağlıq Qarabağ münaqişəsi qurbanlarına yardım edəcək

ABŞ Senatı tərəfindən Dağlıq Qarabağın separatçı rejiminə maliyyə yardımı ayrılması haqqında məlumat yanlışdır.
 
Trend-in məlumatına görə, bunu jurnalistlərə xarici işlər naziri Elmar Məmmədyarov deyib.
 
O, qeyd edib: “Orada yardım “victims to Nagorno Karabagh conflict” adı ilə ayrılıb. Yəni kim münaqişənin qurbanı olubsa, hamısına yardım olunacaq. Yəni yardım azərbaycanlılara da veriləcək. Ona görə də uydurma xəbərə inanmayın. Yəni yardımın yalnız ermənilərə verilməsi başdan-ayağa yalandır. O sənəti oxusanız, görərsiniz ki, ABŞ hökuməti Dağlıq Qarabağ münaqişəsi qurbanlarına yardım edəcək”.  
 
E.Məmmədyarov deyib ki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlar davam etdirilir. "Azərbaycanın mövqeyi artıq bəllidir. Dağlıq Qarabağ problemi məsələsində güzəşt yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün ola bilər".
 
E.Məmmədyarov bildirib ki, Dağlıq Qarabağın statusu məsələsi indi həll olunan məsələ deyil: "Azərbaycanın mövqeyi çox konstruktivdir. İlk növbədə, hərbçilər hər iki tərəfdən kənara çəkilməli, məcburi köçkünlər öz evlərinə qayıtmalı, yollar açılmalıdır. Sonra bütün əlaqələri bərpa etməliyik. Bu baxımdan həm də Dağlıq Qarabağ ətrafında olan işğal olunmuş 7 rayondandan da erməni hərbçiləri çəkilməlidir. Bundan sonra bütün yolların, kommunikasiyaların açılmasına imkan verəcəyik. Çalışacağıq ki, regionda tədricən normal bir şəkildə əlaqələr quraq".
 
Nazir vurğulayıb ki, məhz bunun əsasında da danışıqlar aparılır: "Deyə bilərəm ki, ümumiyyətlə, həm həmsədrlər, həm də Azərbaycan tərəfi bu istiqamətdə öz addımlarını atırlar. İndi qalır, bunu Ermənistan da qəbul etsin. Bu da gec-tez olacaq. Buna şübhə etmirəm".
 
O həmçinin bildirib ki,  Dağlıq Qarabağ bölgəsinin separatçı rejiminin başçısı Bako Saakyanın Böyük Britaniyaya səfəri ilə bağlı bu ölkənin Xarici İşlər Nazirliyinə etirazımızı bildirmişik.
Nazir bildirib ki, B.Saakyan Ermənistan pasportu ilə qonaq qismində Londona gedib: "Əlbəttə, Saakyana niyə Ermənistan pasportu ilə viza verilməsi məsələsi araşdırılmalıdır. Bir tərəfdən, Ermənistan özü bəyan edir ki, bunlar müstəqildirlər, digər tərəfdən, Saakyan Fransa, Böyük Britaniya, ABŞ-a gedəndə Ermənistan pasportundan istifadə edir".
E.Məmmədyarov Azərbaycan tərəfinin bunu özəl səfər kimi qiymətləndirdiyini deyib: "Britaniya parlamentinin buna dəstək verdiyini söyləmək olmaz, bu, özəl bir səfər idi".
 
O, qeyd edib ki, əgər B.Saakyan Dağlıq Qarabağın erməni icmasının fikirlərini İngiltərədə "Chatham House"da hansısa formada çatdırıbsa, Azərbaycan tərəfi də fikirlərini çatdırmalıdır: "Artıq bunun vaxtını səfirlik yolu ilə müəyyənləşdiririk. Azərbaycan icmasının nümayəndələri də İngiltərədə olanda öz fikirlərini Bako Saakyanın görüşdüyü adamlara çatdırmalıdırlar və çatdıracaqlar"./
 
 
 

 

Google+ WhatsApp ok.ru