Elm və təhsil komitəsinin sədr müavini: 'Dərs ilinin müddəti uzadıla bilər'

Elm və təhsil komitəsinin sədr müavini: 'Dərs ilinin müddəti uzadıla bilər'

IX və XI siniflər üçün nəzərdə tutulan buraxılış imtahanları karantin rejimi ilə əlaqədar ləğv edilib. Azərbaycanda karatin rejimi mayın 4-nə qədər uzadılıb.  

 
Maraqlıdır, orta məktəblərin buraxılış imtahanlarının, ali məktəblərə sənəd qəbulunun, eləcə də yaz qəbul imtahanlarının mayda keçirilməsi mümkündürmü?  
 
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, deputat Musa Qasımlı may ayında buraxılış imtahanlarının keçirilməsinin mümkün olduğunu deyir:
 
“Koronavirus pandemiyasının yaratdığı ağır şərait hamıya bəllidir. Amma o da bəllidir ki, hökumət strukturları bu dönəmdə kifayət qədər çevik işlədilər. O cümlədən Təhsil Nazirliyi məsafədən təhsilin, dəsrlərin keçirilməsini təşkil edə bildi. Təbii ki, uzaq məsafədən təhsilin keyfiyyəti birbaşa auditoriyadakı təhsilin keyfiyyəti ilə müqayisə edilə bilməz. Amma hər halda biz bu vəziyyətdən çıxdıq.  
 
May ayında dərslər daha yaxşı səviyyədə təşkil ediləcək və ötən bir ayda itirilənlərin və ya zəif olanların yeri doldurulacaq. Əgər vəziyyət belə olarsa, buraxılış imtahanlarını keçirmək mümkün ola bilər. Keçilməyən materialları bu bir ayda tədris etmək mümkün olmasa, dərs ilinin müddətinin uzadılması barədə də düşünmək olar”.  
 
Təhsil eksperti Elçin Əfəndi isə deyir ki, 20-25 günlük bir müddətə həm ərizə qəbulunu, həm də imtahanları sığdırmaq mümkün deyil:
 
“Dövlət İmtahan Mərkəzi may ayında bir sıra imtahanları keçirməliydi. Bunlar digər bölmələr üçün Azərbaycan dili imtahanı (4 may), I və IV qruplar üzrə blok imtahanı (11 may) və II və III qruplar üzrə blok imtahanı (17 may) idi. Amma hazırkı durumda bu imtahanların keçirilməsi mümkün deyil. Ona görə ki, 4 may tarixi ölkədə karantinin bitəcəyi son gün olaraq qeyd olunub. Amma 4 mayda digər bölmələr üçün Azərbaycan dili imtahanın keçirilməsi qeyri-mümkündür. Gələk digər imtahanlara: 11 və 17 may imtahanları da keçirilə bilməz. Ona görə ki, ali məktəblərə ərizə qəbulu hələ başlanmayıb. Başlanması da 4 maydan sonraya mümkün ola bilər. Belə olan halda 20-25 günlük bir müddətə həm ərizə qəbulunu, həm də imtahanları sığdırmaq mümkün deyil.  
 
Amma Dövlət İmtahan Mərkəzi vəziyyət stabilləşərsə və irəliləyiş əldə olunarsa may ayının 10-dan sonra 9 illik üzrə buraxılış imtahanlarını bitirə bilər. Bu imtahanların keçirilməsi uğurlu ola bilər. O baxımdan ki, vaxt qazanılacaq. Şagirdlər üçün də uğurlu tərəfi onların da vaxt qazanmasıdır. Suallar zatən mart ayında keçirilməsi nəzərdə tutulan imtahan suallarıdır və həmin suallaın düşdüyü mövzuların tədrisi aparılıb. Ona görə burada narahatçılıq görmürəm”.

Google+ WhatsApp ok.ru