ELMİ-MƏDƏNİ FƏALİYYƏTLƏR ÜÇÜN ŞƏRAİT

ELMİ-MƏDƏNİ FƏALİYYƏTLƏR ÜÇÜN ŞƏRAİT

Kərbəla inqilabı və onun rəhbəri imam Hüseynin (ı) şəhadəti, eləcə də, o həzrətin qalan nəsli, məxsusən, imam Səccadla xanım Zeynəbi-Kübranın (s.ə) Kufə və Şam şəhərlərində geniş təbliğatı camaat arasında müxtəlif mövzuları gündəmə gətirdi. Həmçinin “Aşura” faciəsindən sonra müxtəlif qiyamların baş qaldırması və camaatın Əməvilər hakimiyyətinin şəri-dini ölçülərlə uzlaşmamasından agah olması sonrakı imamların, xüsusilə, imam Səccad (ə), imam Baqir (ə) və imam Sadiqin (ə) geniş elmi-mədəni fəaliyyətlərinə şərait yaratdı. Onlar, Əhli-beytin məhəbbətini, Əməvilərin kütləvi qırğınlara cürət etməməsi və onların digər qiyam və yürüşləri aradan qaldırmağa məşğul olmasını nəzərə alaraq, həqiqi İslamın və Əhli-beyt (ə) məzhəbinin hərtərəfli tanıtdırılmasında möhkəm addımlar atdılar və ali-Muhəmmədin (s) elmlərini təbliğ etdilər.

İmam Səccadın (ə) elmi və fərqli mövqeyi onu müsəlmanlar arasında misilsiz elmi qaynağa çevirdi. O həzrət elmi və mədəni yollarla həm ümumi mədəniyyətdə dəyişiklik yaradaraq Əhli-beyt məzhəbini geniş yaydı, həm də siyasi sahədə öz təsirini göstərdi. Ömər ibn Əbdüləziz tərəfindən Müaviyənin imam Əliyə (ə) nalayiq sözlər deməklə bağlı bidətinin və Yezidin “möminlərin əmiri” adı ilə çağırılmasının ləğv edilməsi məsum imamların (ə) elmi və mədəni fəaliyyətlərindən təsirlənmədiyini deyə bilmərik. Camaat Əməvilər hakimiyyəti dövründə dinlə siyasətin ayrı olmasını açıq-aşkar qəbul edirdi. Onlar elm, maarif və dini məsələləri öyrənmək üçü məsum imamlara (ə) müraciət edir və onlar da cəmiyyətdə misilsiz elmi, dini və irfani mövqelərini qazandılar.

Əhli-sünnə alimlərinin imam Səccad (ə), ondan sonra “Baqirül-Ülum” (elmləri yaran) ləqəbi ilə tanınan imam Muhəmməd ibn Əli (imam Baqir) (ə), ondan sonra da imam Sadiqin (ə) elmi-dini məqamına etirafları və onların digər İslam məzhəblərinin rəhbərlərinə müstəqim və ya qeyri-müstəqim təsiri bu həqiqətə canlı şahiddir. Məhz bu səbəbdən də, bu gün insaniyyət imam Hüseynə (ə) və onun inqilabı ilə fəxr edir və o həzrəti irqi, dili, milliyyəti, məntəqəsi və məzhəbindən asılı olmayaraq öz rəhbəri bilir. Bu baxımdan çağdaş dünyamızda müxtəlif cəmiyyətlərin və hətta qeyri-müsəlmanların imam Hüseyn (ə) və onun inqilabına üz tutmasının şahidiyik! (“Məcmueye məqalate imam Hüseyn (ə)”, Bir qrup elmi heyət, 11-ci cild, səh.123-135.)

Hindistanlı Mahatma Qandi və bir çox hind rəhbərləri, livanlı, avropalı və amerikalı xristian tədqiqatçılarından tutmuş İslam rəhbərlərinə qədər imam Hüseyn (ə) və Kərbəla inqilabını ilhambəxş örnək, qəhrəmanlıq və azadlıq simvolu kimi tanıtdırırlar.

İmam Hüseyn (ə) və bacısı xanım Zeynəbin (s.ə) məruz qaldığı bütün müsibətlər həm mübarizlər, həm də müsəlmanlar və bəşəriyyət üçün gündəlik həyat örnəyidir. Əhli-beyt (ə) və Kərbəla şəhidlərinə əzadarlıq dinin dirçəlişi və həqiqi İslam dəyərlərinin inkişafı uğrunda mühüm rol ifa etmişdir. Elə buna görədir ki, İran İslam İnqilabının rəhbəri imam Xomeyni buyurardı: Bizim nəyimiz varsa, Məhərrəm Səfər aylarının bərəkətindəndir.” Bu cümlə danılmaz tarixi bir həqiqəti, dinin və onun dəyərlərinn inkişafı uğrunda imam Hüseyn (ə) və “Aşura” inqilabının rolunu aşılayır.

Kərbəla inqilabının bəzi təsirlərinə diqqət yetirdikdə, İbn Teymiyyə və onun ardıcıllarının Kərbəla inqilabının müsbət təsirlərinin sual altına atılması ilə bağlı qeydlərinin zəifliyi üzə çıxır. Əlbəttə, onların Yezidin cinayətlərinin ört-basdır edilməsi ilə əlaqədar yozumları və “Aşura” faciəsinə ziddiyyətli və ikili baxışları da “Aşura”nın əhəmiyyəti və təsirlərinə növbəti bir dəlildir. Əgər “Aşura” təsirsiz olsaydı, “Aşura” tarixinə bu qədər əhəmiyyətlə yanaşılması, Yezidin cinayətlərinin yozulması və müxtəlif rəvayətlərin qondarılmasına şahid olmazdıq. (“Əhli-sünnə baxımından Kərbəla inqilabı”, Ustad Əbdülməcid Nasiri Davud, 5-ci fəsil – təsir və kəramətlər.)

Rza Şükürlü (Maide.az)

Google+ WhatsApp ok.ru