Enerji sənayesinə sərmayə azalır

Enerji sənayesinə sərmayə azalır

Koronavirus pandemiyası enerji sənayesinə sərmayəni rekord səviyyədə azaldacaq. Bunu Beynəlxalq Enerji Agentliyi (BEA) mayın 27-də yaydığı hesabatında bildirib.
 
Qurum bərpaolunan enerji mənbələrinin neftdən daha yaxşı vəziyyətdə olacağını proqnozlaşdırır.
 
Hesabatda deyilir ki, sərmayələr 2019-cu ildəki səviyyənin beşdə biri qədər, yaxud 400 milyard dollara yaxın azalacaq. Belə ki, firmalar xərcləri azaldır, digər tərəfdən enerjiyə tələbat düşür.
 
Ən böyük azalmayla Birləşmiş Ştatlardakı şist nefti hasilatçıları üzləşəcək.
 
“Bütün enerji sektorları – neft, qaz, bərpaolunanlar ziyan görəcək, ancaq ən böyük təsir şist neftinə dəyəcək”, – agentliyin direktoru Fatih Birol “AFP”yə deyib.
 
“Bu il ümumi neft sərmayələrinin 30 faizdən çox azalacağını gözləyiriksə, şist sənayesində azalma 50 faizədək olacaq”, – o vurğulayıb.
 
Bərpaolunan enerji layihələrinə xərcləmələr isə bu ilə 10 faiz civarında azalacaq, hesabatda vurğulanır. /azadliq.org
 

Google+ WhatsApp ok.ru