Ermənistan rayonları qaytarmağa məcbur ediləcəyindən narahatdır

AzadlıqRadiosunun Erməni xidməti Rusiyanın “Kommersant” qəzetinə istinadən yazır ki, Ermənistan xarici işlər nazirinin müavini Karen Nazaryan Qarabağ münaqişəsi elementlərinin ayrılıqda müzakirə edilməsinin nəinki təkcə Yerevanı, hətta Minsk qrupu həmsədrlərini də qane etmədiyini söyləyib.
 
Başqa sözlərlə, bu o deməkdir ki, Ermənistan həmişə olduğu kimi münaqişənin mərhələli həlli variantını qəbul etmir. Bu Azərbaycan tərəfini qane edən yeganə formatdır.
 
"Kommersant"ın saldığı vəlvələ
 
“Kommersant” yazır ki, hazırda Qarabağa dair danışıqlarda Laçın dəhlizi xaric, bu bölgəyə bitişik bütün rayonların Azərbaycanın nəzarətinə qaytarılması məsələsi müzakirə edilir.
 
Qəzetin yazdığına görə, “bunun müqabilində Azərbaycan Stepanakertin müstəqillyini tanımasa da, problemin hərbi yolla həllinə cəhd göstərməyəcəyinə təminat verməlidir”.
 
Lakin Karen Nazaryan Azatutyun Radiosuna deyib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfər zamanı “rayonların Azərbaycana qaytarılması məsələsi” müzakirə edilməyib və ümumiyyətlə, münaqişənin hansısa elementlərini ayrı-ayrılıqda müzakirə və həll etmək nə Yerevanı, nə də həmsədrləri qane edir.
 
O deyib ki, söhbət hərtərəfli çözüm yollarından gedib. Bunu isə belə başa düşmək olar ki, Yerevan münaqişənin paket şəklində həllinə tərəfdardır: rayonlar qaytarılır, əvəzində və eyni vaxtda Qarabağın statusu, açıq deyilsə, müstəqilliyi tanınır.
 
Azərbaycan xofu
 
Bununla belə, Ermənistan mətbuatı öz mülahizələrini yürütməkdə davam edir. Məsələn,  “Aykakan Jamanak” qəzeti “hökumət dairələrindən əldə etdiyi informasiyaya” əsaslanaraq yazır ki, Moskva bir neçə rayonun Azərbaycana qaytarılması üçün Yerevanın üzərinə təzyiq göstərir və bütün bunların müqabilində Azərbaycanı Avrasiya İttifaqına çəkməyə ümid edir.
 
Dağlıq Qarabağın özündə isə Rusiyanın belə bir addım ata biləcəyini, ümumiyyətlə, istisna edirlər. Dağlıq Qarabağ ermənilərinin liderlərindən David Babayan bu söhbətləri şayiə adlandırır.
 
Babayanın sözlərinə görə, hətta rayoinların qaytarılacağaçı nəzəri baxımdan qəbul edilsə belə, “hamı başa düşür kü, Azərbaycan bir yerdə dayanmayacaq, nəinki Qarabağı, hətta Ermənistanın özünü də udacaq”.
 
Babayanın fikrincə, “hazırkı vəziyyət sülhün qarantiyasıdır”. Babayan bildirir ki, Qarabağda münaqişə qızışarsa, bu ərazi İraqdan və Suriyadan daha gərgin olacaq.
 
David Babayan deyib ki, Rusiyanın Şimali Qafqaz, Ukrayna, Qərb kimi problemləri var və Moskva rayonların Azərbaycana qaytarılması addımını atmaz.
 
Daşnak fraksiyasının katibi Aqvan Vardanyan da inanmır ki, Rusiya bu cür “birtərəfli təziyiq” variantına getsin.
 
AzadlıqRadiosunun başqa bir müxbiri – Lusine Musaelyan isə yazır ki, ATƏT-in Minsk qrupu danışıq formatının dəyişdirilməsi əleyhinədir.
 
Həmsədrlər AŞPA-ya narazılıq bildirməyiblər
 
Musaelyan həmçinin AŞPA-nın siyasi məsələlər komissyasının britaniyalı deputat “Robert Walter-in “Dağlıq Qarabağda və Azərbaycanın başqa işğal olunmuş rayonlarında zorakılığın artması və Ermənistana Dağlıq Qarabağ və başqa işğal olunmuş ərazilərdən qoşunlarını çıxarması üçün çağırış edilməsi və bu ərazilərdə Azərbaycanın tam nəzarətinin bərpasına dair hesabatı”nın qəbul olunduğunu yazır.
 
Musaelyanın “mübahisəli” adlandırdığı bu hesabatda həmçinin ATƏT-in sülhməramlı qüvvələrinin yaradılması zəruriliyindən söz açılır.
 
Müəllif Rusiyalı həmsədrin danışıqların hazırkı formatının bütün tərəfləri qane etdiyini söyləməsini xatırlatsa da, əslində bəlli olur ki, AŞPA-nın sözü gedən hesabatına ATƏT-in Minsk qrupu həmsədrlərindən heç biri etiraz bildirməyib.
 
Başqa sözlərlə bu, həmsədrlərin “işğal olunmuş ərazilərin boşaldılmasına” dair hesabatla razılaşdıqlarının da əlaməti sayıla bilər.
 
 Üstəlik həmsədrıər bildiriblər ki, münaqişənin çözümündə bütün təşkilatlarla əməkdaşlıq etməyə hazırdırlar. Onlar habelə AŞPA-nın sözü gedən hesabatını “nəzərə almağa hazır olduqlarını” deyiblər.

 

Google+ WhatsApp ok.ru