Ermənilər Azərbaycanın təbii sərvətlərini talan edirlər

Ermənilər Azərbaycanın təbii sərvətlərini talan edirlər

Ermənilər işğal olunan Azərbaycan torpaqlarındakı təbii sərvətləri talan etməkdə davam edirlər.

 

 Ağdamın işğal altında olan Şahbulaq yüksəkliyində daş karxanalarının sayı günü-gündən artır. Həmin karxanalarda doğranan mişar daşları Ermənistana aparılır.

 

Ərazidə aparılan işləri təmas xəttinə yaxın yaşayış məntəqələrindən də açıq-aydın müşahidə etmək mümkündür. Təmas xəttinə yaxın kəndlərdə yaşayan sakinlər bildiriblər ki, son bir ildə Şahbulaq dağ massivində qurulan daş karxanalarının sayı xeyli artıb: “Böyük ehtimalla bizim hərbçilərin görməməsi üçün karxanaya yolu arxa tərəfdən çəkiblər”. 

 

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

 

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

 

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə  ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

 

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

 

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur. (apa)

Google+ WhatsApp ok.ru