Çernobıl zonasında yeni yanğınlar davam edir

Çernobıl zonasında yeni yanğınlar davam edir

Ukraynada 1000-dən çox yanğınsöndürən istifadəsiz qalmış Çernobıl nüvə elektrik stansiyasının həndəvərində yenidən başlanmış yanğının qarışısını almağa göndərilib.
 
Yeni yanğın aprelin 16-da başlanıb və aprelin 17-də gün ərzində davam edirdi. Hərçənd budəfəki yanğının miqyasca daha kiçik olduğu xəbər verilir.
 
Gün ərzində əsən güclü küləklər yanğının söndürülməsinə ciddi maneçilik törədib.
 
Ukrayna Fövqəladə Vəziyyətlərə Çevik Reaksiya Mərkəzinin direktoru Volodymyr Demchuk deyib ki, Kiyev və Kiyev regionunda radioaktiv fon yol verilən norma çərçivəsindədir.
 
Bundan əvvəl aprelin 14-də stansiyanın yaxınlığına gəlib çıxan meşə yanğınını söndürmək mümkün olmuşdu.
 
Havanın yağışlı olması da buna kömək etmişdi.
 
İnsan yaşayışı olmayan yasaq ərazidə meşə yanğınları aprelin 3-dən başlanmışdı. Fövqəladə Hallar Xidməti bildirmişdi ki, yanğın radioaktiv material qalıqlarının yığıldığı əraziyə təhlükə təşkil etmir.
 
Ətraf mühit ekspertləri isə narahat idilər ki, külək radioaktiv tozları havaya sovuraraq başqa yerlərə apara bilər. /azadliq.org /
 
 

Google+ WhatsApp ok.ru