Etiraz aksiyalarında iştiraka görə məsuliyyətə cəlb oluna bilərəm?

Maide.Az meydan.tv-yə istinadən xəbər verir ki, bu günədək paytaxt Bakıda və regionlarda keçirilən etiraz aksiyalarında dəfələrlə polis zorakılığı və etirazçıların həbs edildiyinin şahidi olmuşuq.
 
Bəs bütün bunlar nə qədər qanunidir? Etiraz aksiyalarını kimlər keçirə bilər? Polis hansı addımları atmalıdır? Aksiyalarda iştirak edənlər həbs edilə bilərmi? Suallara cavab verməyə çalışmışıq.
 
 
1. İcazəsiz mitinq nədir?
 
Qanunvericilikdə "toplantı" deyəndə bir qrup adamın toplantıda iştirak etmək məqsədi ilə ictimai yerdə müvəqqəti toplaşması nəzərdə tutulur. Bu toplantı isə yığıncaq, mitinq, nümayiş, küçə yürüşü, piket formalarında ola bilər. "Sərbəst toplaşma azadlığı haqqında" Qanuna görə, mitinq, piket, küçə yürüşü və s. bu kimi toplantı keçirmək istəyən adam müvafiq icra hakimiyyəti orqanına əvvəlcədən yazılı formada xəbərdarlıq etməlidir. Həmin müraciət isə İCAZƏ YOX, XƏBƏRDARLIQ xarakteri daşıyır. 
 
2. Kimlər etiraz aksiyası keçirə bilər?
 
Toplantı təşkilatçısı müvafiq icra hakimiyyəti orqanına edilən xəbərdarlıqda adı qeyd olunan şəxsdir. Amma qanunvericiliyə görə, bəzi şəxslərin mitinq, piket, küçə yürüşü və s. keçirməyinə icazə verilmir. Bunlar 18 yaşına çatmayan şəxslərdir ki, onlara valideynlərinin yazılı razılığı olmadan toplantı təşkilatçısı olmağa İCAZƏ VERİLMİR. Eyni zamanda məhkəmə qərarı ilə məhdudlaşdırılmış şəxslər üçün də onların himayə edənlərin razılığı tələb olunur. 
 
Hər hansısa siyasi partiya, ictimai birlik, yaxud da həmkarlar ittifaqı mitinq keçirmək istəyirsə, tədbirin təşkilatçısını təyin etməlidir. Həmin şəxs, ya da onun nümayəndəsi isə keçirilən toplantıda iştirak etməlidir. Əgər toplantıya gələ bilməyəcəksə, mitinqin, piketin, yürüşün və s. keçiriləcəyi tarixə 3 gün qalmış icra hakimiyyəti orqanına xəbər verməlidirlər. Çünki TOPLANTI TƏŞKİLATÇISI və ya onun nümayəndəsi orada ŞƏXSƏN İŞTIRAK ETMƏDİKDƏ TOPLANTI KEÇİRİLƏ BİLMƏZ. 
 
3. Aksiya keçirmək istəyən şəxs hara və necə müraciət etməlidir?
 
Hər hansısa siyasi partiya, ictimai birliyin nümayəndəsi, yaxud da müstəqil şəxs yürüş, mitinq, piket və s. bu kimi toplantı keçirmək istəyirsə, müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Bunun üçün o, YAZILI XƏBƏRDARLIQ təqdim etməlidir. Həmin xəbərdarlıqda keçirilməsi planlaşdırılan toplantının forması, yəni onun mitinq, yürüş və s. hansı şəkildə olacağı, toplantının məqsədi, keçiriləcəyi yer və vaxtı, iştirakçıların sayı, əgər yürüş keçiriləcəksə, onun marşurutu, təşkilatçının adı, soyadı, atasının adı və ünvanı, xəbərdarlığın edildiyi tarix və əlaqə telefonları qeyd olunmalıdır.  Təşkilatçı istəyərsə, əlavə məlumat da verə bilər. 
 
4. Hansı halda aksiyanın keçirilməsinə icazə verilməyə bilər?
 
Mitinqə o halda icazə verilməyə, yaxud da onun keçirilməsi dayandırıla bilər ki, həmin toplantı AYRİ-SEÇKİLİYƏ, ƏDAVƏTƏ və ya ZORAKILIĞA çağırışlarla müşayiət olunsun, MİLLİ, İRQİ və ya DİNİ ƏDAVƏTİ təbliğ etsin. Eləcə də MÜHARİBƏNİ təbliğ edən toplantıların da keçirilməsi QADAĞAN EDİLİR.  Siyasi məqsədli dinc toplantı isə SEÇKİ GÜNÜNƏ 24 SAAT QALMIŞDAN səsvermə məntəqələri bağlanana qədər müddət ərzində KEÇİRİLƏ BİLMƏZ. Bura prezident seçkiləri, parlament seçkiləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının seçkiləri (Naxçıvan MR ərazisində), bələdiyyə seçkiləri (müvafiq şəhər və rayonun ərazisində) və referendum daxildir. 
 
5. Hansı yerlərdə aksiya keçirmək olmaz?
 
Qanunvericiliklə tənzimlənən xüsusi ərazilər var ki, həmin yerlərdə toplantı keçirilməsinə icazə verilməyə bilər. Bunlar aşağıdakılardır:
 
Milli Məclisin, Prezident Sarayının, Prezident iqamətgahının,Nazirlər Kabinetinin, Naxçıvan MR Ali Məclisinin, Naxçıvan MR Nazirlər Kabinetinin, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının, Konstitusiya Məhkəməsinin, Ali Məhkəməsinin, apellyasiya məhkəmələrinin və Naxçıvan MR Ali Məhkəməsinin yerləşdiyi binaların ətrafında 200 metr radius çərçivəsində olan ərazidə mitinq keçirilməsinə İCAZƏ VERİLMƏYƏ BİLƏR. 
 
Bundan başqa insan həyatı və sağlamlığı üçün təhlükəli olan yerlərdə, xüsusi mühafizə olunan təbiət ərazilərində, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, hava limanlarının, metropolitenin, hərbi məqsədlər üçün istifadə olunan ərazilərdə və bu ərazilərin sərhədlərinə 150 metrdən yaxın yerlərdə və  penitensiar müəssisələrin, istintaq təcridxanalarının, psixiatriya müalicə müəssisələrinin ərazilərində və bu ərazilərin sərhədlərinə 150 metrdən yaxın olan yerlərdə toplantı üçün RAZILIQ VERİLMƏMƏSİ MÜMKÜNDÜR.  
 
 6. Aksiyanın keçirilməsi necə məhdudlaşdırıla bilər?
 
Sərbəst toplaşmaq azadlığı yalnız qanunun nəzərdə tutduğu və DEMOKRATİK CƏMİYYƏT ÜÇÜN ZƏRURİ olan HALLARDA MƏHDUDLAŞDIRILA BİLƏR. Bu hallar milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafelərinin qorunması, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması hesab olunur. Sadalanan hallara görə toplantının keçirilməsi müxtəlif formalarda, yəni toplantının vaxtının və yerinin, küçə yürüşünün marşrutunun dəyişdirilməsi formasında məhdudlaşdırıla bilər.
 
7. Etiraz aksiyalarında iştiraka görə məsuliyyətə cəlb oluna bilərəm?
 
"Sərbəst toplaşma azadlığı haqqında" Qanuna görə əgər mitinq, aksiya, yürüş və s. adı çəkilən qanuna uyğun keçirilibsə, TOPLANTININ İŞTİRAKÇISI ORADA İŞTIRAKINA GÖRƏ SONRADAN HÜQUQİ MƏSULİYYƏTƏ CƏLB EDİLƏ BİLMƏZ. Həmçinin dinc toplantı qeyri-dinc toplantıya çevrilsə belə heç bir pozuntuya yol verməyən iştirakçı orada iştirakına görə məsuliyyətə cəlb oluna bilməz. Buna toplantının dinc olmadığından əvvəlcədən xəbəri olmayan iştirakçı da daxildir.  
 
 8. Etiraz aksiyalarında iştirakə görə hansı cəza növləri tətbiq edilə bilər?
 
İcazəsiz mitinq və nümayişlərdə iştirak edənlər İnzibati Xətalar Məcəlləsinə görə, 1500 manatdan 3 min manata qədər cərimələnə və yaxud 2 AYA QƏDƏR HƏBS EDİLƏ BİLƏRLƏR. 
 

Google+ WhatsApp ok.ru