ETSN: Balaxanı, Suraxanı neft mədənlərinin lay suları təmizlənmədən Xəzərə axıdılır

ETSN: Balaxanı, Suraxanı neft mədənlərinin lay suları təmizlənmədən Xəzərə axıdılır

"Xəzər dənizinin əsas çirklənmə mənbələri onun hövzəsində, sahil zolaqları və akvatoriyasında yerləşən şəhərlərin və sənaye obyektlərinin çirkab suları, dəniz nəqliyyatından və neft mədənlərindən daxil olan müxtəlif çirkləndiricilərdir".
 
Maide.Az "APA"a istinadla xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında ETSN-nin şöbə müdiri Mirsalam Qənbərov deyib.
 
Onun sözlərinə görə, Abşeron yarımadasında kanalizasiya şəbəkəsinin tamamlanmaması, sahilboyu ərazilərdə fəaliyyət göstərən ictimai-iaşə obyektlərinin çoxunda təmizləyici qurğuların olmaması, tullantı sularının idarə olunmasına cavabdeh olan bələdiyyə, icra nümayəndəliyi, təmizlik işləri ilə məşğul müvafiq qurumların laqeyd münasibəti vəziyyəti daha da ağırlaşdırır: “Bununla yanaşı, Xəzər sahili boyunca yerləşən yaşayış massivlərinin çoxunda formalaşan tullantı suları, yarımadanın Balaxanı, Suraxanı neft mədənlərində yaranan lay suları Hövsan kanalı və digər axarlar vasitəsilə təmizlənmədən birbaşa dənizə axıdılmaqda davam edir. Bu da dənizdə gərgin ekoloji vəziyyətin yaranmasına səbəb olur".
 
O qeyd edib ki, çirkab suların birbaşa Xəzərə axıdılmasının dayandırılması, acınacaqlı vəziyyət yaradan axarların qarşısının alınması üçün nazirlik tərəfindən tədbirlər görülür, eyni zamanda tullantı sularını dənizə axıdan fiziki və hüquqi şəxslərə təmizləyici qurğuların qurulması, daxili kanalizasiya sisteminin çəkilməsi, mövcud olan qurğuların düzgün idarə olunması üçün xəbərdarlıqlar edilir, məcburi göstərişlər verilir, cərimələr tətbiq olunur: "Hesab edirik ki, belə neqativ halların baş verməməsi və bu sahədə mövcud problemlərin həll olunması üçün ictimai nəzarət daha da gücləndirilməlidir. Yəni hər bir çirkləndirici qınaq obyektinə çevrilməlidir ki, onlar bəlkə bundan sonra nəticə çıxarıb öz fəaliyyətlərində dönüş yaradarlar".
 

Google+ WhatsApp ok.ru