ETSN: Bayılda sürüşmə zonasından götürülmüş nümunələr laboratoriya analizinə təqdim ediləcək

ETSN: Bayılda sürüşmə zonasından götürülmüş nümunələr laboratoriya analizinə təqdim ediləcək

-- hazırda Teleqüllənin yaxınlığındakı sahədə gərginlik davam etsə də...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bayıl yamacında - Teleqüllənin yaxınlığındakı sürüşmənin səbəblərinin öyrənilməsi üçün ərazidən süxur nümunələrinin götürülməsinə başlayıb.
 
Maide.Az bildirir ki, bunu Trend-ə ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.
 
R.Həsənovun sözlərinə görə, hazırda Bayıl yamacındakı sürüşmə sahəsində daha dəqiq tədqiqatların aparılması üçün buruq-qazma işləri aparılır.
 
Dəstə rəisi bildirib ki, sürüşmə sahəsinin müxtəlif hissələrində müxtəlif dərinlikdə olan bir necə quyu qazılacaq və oradan süxur nümunələri götürüləcək:
 
“Tədqiqatların aparılması üçün bir quyudan nümunənin götürülməsi kifayət etmir. Buna görə də ərazidə bir necə quyu qayılacaq. Quyulardan götürüləcək süxur nümunələri müqayisə edilməlidir. Süxur nümunələri laboratoriyada analiz edildikdən sonra sürüşmənin səbəbi aydınlaşdırıla və onun geoloji quruluşu haqqında yekun fikir söyləmək olar”.
 
 R.Həsənov qeyd edib ki, quyulardan götürülmüş süxur nümunələri yaxın günlərdə laboratoriya analizinə təqdim ediləcək:
 
R.Həsənov əlavə edib ki, tədqiqatlar nəticəsində sürüşmənin baş vermə səbəbi, prosesin dinamikası ilə bağlı daha dəqiq məlumatlar əldə ediləcək:
 
“Bunun əsasında geoloji hesabat hazırlanacaq. Bu hesabat əsasında da yəqin ki, prosesin gələcəkdə aktivləşməməsi üçün aidiyyatı dövlət qurumları tərəfindən tədbirlər görüləcək".
 
Nazirlik bildirib ki, hazırda Teleqüllənin yaxınlığındakı sahədə gərginlik davam etsə də, sürüşmə prosesinin dinamikasında aktivləşmə qeydə alınmır.
 

Google+ WhatsApp ok.ru