Evimizə gələn çirkablı, qumlu su

Evimizə gələn çirkablı, qumlu su

-- çıxış yolu nədir...

İçməli suyun tərkibi əhalini ən çox narahat edən məsələlərdən biridir. Xüsusilə Bakı şəhəri və ətraf qəsəbələrdə yaşayan insanlar evlərə verilən suyun keyfiyyətindən narazılıq edirlər. Narazılıqlar daha çox suyun bulanıq gəlməsindən, tərkibində qum dənələri, müxtəlif qırıntıların olması üzündən su krantlarının tez sıradan çıxması ilə bağlı olur. Hətta Bakının ətraf qəsəbələrindən olan vətəndaşlar su borusu ilə gələn qırıntılar üzündən su sayğaclarında tez-tez problemlərin yaşanmasından narazılıq edirlər.
 
Qeyd edək ki, bir müddət əvvəl Bakının bir sıra qəsəbələrinin su təchizatı sistemi Dövlət Neft Şirkətindən alınaraq “Azərsu”nun balansına verilib. Hansı ki, bu qəsəbələrin demək olar ki, hamısında təchizatda şor sudan - quyu suyundan istifadə olunurdu. Hazırda da həmin qəsəbələrin böyük əksəriyyətində əhaliyə şirin su verilmir. Şor su isə əhalinin istifadə etdiyi avadanlıqların vaxtından əvvəl sıradan çıxmasına səbəb olur.
 
Onu da qeyd edək ki, paytaxtın içməli su ilə təchizatını həyata keçirən “Azərsu” ASC dəfələrlə xətlərə vurulan suyun keyfiyyətinin müasir standartlara uyğun olduğu barədə açıqlamalar verib.
 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mətbuata verdiyi açıqlamada problemin suötürücü xətlərin köhnəlməsi ilə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, xətlərdəki nasazlıqlar üzündən suya müxtəlif qarışımlar olur. Nəticədə evlərə çatanadək suyun keyfiyyətində problemlər yaranır.
 
İqtisadçı-ekspert Natiq Cəfərli isə deyir ki, Azərbaycanda ən çox vəsait sərf olunan istiqamətlərdən biri su təchizatı sistemidir: “Bakı şəhəri və regionların su təchizatına ayrılan vəsaitlərin məbləği kifayət qədər böyükdür. Təkcə bir kəmərin - 240 kilometrlik Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişinə 1 milyard dollardan artıq vəsait sərf olunub. Hər belə layihədən əvvəl deyirlər ki, vəssalam, problemlər bitəcək, su təchizatı yüksək səviyyəyə çatacaq. Amma layihə bitir, hansısa ciddi dəyişiklik baş vermir. Oğuz-Bakı kəmərindən sonra Bakının bir çox sahələrində fasiləsiz su təchizatının olacağı deyilirdi, olmadı. Bir neçə il əvvəl az qala bütün Bakının küçələrini qazdılar, dedilər, xətlər yenilənir. Amma yenə müsbət bir dinamika nəzərə çarpmır. Həm suyun keyfiyyəti, həm verilişi ilə bağlı problemlər olduqca böyük olaraq qalır”.
 
Ekspert hesab edir ki, supaylayıcı şəbəkələr dövlətsizləşdirilməlidir: “Bu sahələr dövlətin əlində qaldıqca, ayrılan vəsaitlərdən səmərəli istifadə də mümkün olmayacaq. Dövlət bu gün çalışır ki, hər yerdə nəzarəti əlində saxlasın. Halbuki belə olmamalıdır. Dövlət adil hakim, tənzimləyici olmalıdır, nəinki təchizatçı. Məsələn, götürək elə su təchizatı şəbəkəsini. Bakını bütövlükdə olmasa belə, bir mərkəzdən təchiz olunan ərazilər üzrə şəbəkələr özəl əllərə verilməlidir. Hətta özəlləşdirmə mümkün deyilsə, uzunmüddətli dövr üçün idarəetməyə verilə bilər. Bununla da həm dövlətin yükü azalar, həm şəbəkə vaxtında yenilənər, həm də əhali keyfiyyətli su ilə təchiz olunar. İndiki halda təchizatçı dövlət qurumudur deyə insanlar keyfiyyətsiz xidmətə görə məhkəməyə də üz tuta bilmirlər. Çünki məhkəmələr dövlət qurumlarının mövqeyini müdafiə edirlər”.
 
N.Cəfərlinin sözlərinə görə, ümumiyyətlə, dövlət bütün kommunal xidmət sektorundan çıxmalıdır: “İdarəetmənin fəlsəfəsi, yanaşma dəyişməlidir. Dövlət kənar tənzimləyici olmalı, münasibətlər vətəndaşlarla özəl şirkətlər arasında qurulmalıdır”.
 
Sonda qeyd edək ki, məsələ ilə bağlı “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinə sorğu ilə müraciət etmişik. Sorğumuz cavablandırılan zaman diqqətinizə təqdim edəcəyik.(musavat.com)
 

Google+ WhatsApp ok.ru