Evlənərkən istixarə necə və nə üçün olmalıdır?

Evlənərkən istixarə necə və nə üçün olmalıdır?

Evlənərkən nə üçün, necə və hansı yolla istixarə edilməldir? Allah-Taala yaradılışın ən gözəl, ən üstün və ən qiymətli gövhər və ləl-cavahirini insana bəxş etmiş və bununla da, insana bütün izzət, şərafət və kəramət bağışlamışdır. Yəqin ki, söhbətin hansı ilahi nemətdən getdiyini bildiniz... Bəli, bu gövhərin adı “ağıl”dır, hansı ki, düşüncələrimizə günəş kimi saçır, qəlblərimizi nurlandırır və həyat yolumuzu işıqlandırır.

İmam Əli (ə) buyurur: “Ağıl, insanın vücudunda evin ortasında sancılmış çıraq kimidir.”[1]

Biz bu qiymətli və ilahi gövhərin işığında ondan düzgün və faydalı istifadə etməklə xeyri, şəri, fayda və zərəri bir-birindən ayırıb ən xeyirli, ən faydalı işi seçirik.

Allahın Rəsulu (s) buyurur: “İnkişaf, məsləhət və xeyrinizi ağlınızdan soruşun. O inkişaf yolunu və məqsədyönlü bir yolu sizə göstərərsə, onda itaət edin, onun əmrindən boyun qaçırmayın ki, peşman olarsınız.”[2]

Allah-Taala ilə məsləhətləşmək, yəni istixarə etmək istəyən hər kəs öz ağlına müraciət və müdrik insanlarla məsləhət etsin ki, ağıl insanın vücudunda ilahi nur və Allah-Taala tərəfindən höccətdir.[3] Mömin insanın bələdçisi onun öz ağlıdır.[4]

İnsan ağıl vasitəsilə görür, eşidir, tədqiq edir, ölçüb-biçir, fikirləşir və məlumat əldə edir. Məchulu kəşf edib məlumat əldə etdikdən sonra, yəqinə çatır, inanır, bu yəqin və inamı ilə işlərini idarə edir, qərar verir, əməl və hərəkətə keçir.

Amma niyə görə etinasızlıq və ehtiramsızlıq? Niyə görə bəziləri bu qiymətli və əvəzsiz nemətin qədrini bilmir və ona etina etmirlər?

Bəziləri bu hidayət çırağını toz-duman və pisliklərlə söndürür, nəticədə ağlın məhsulu olan elm, yəqin və iman nurundan məhrum olurlar.

Qaranlıq gecələrə, sıx meşələrə günəşin nuru düşmür və işıqsız qalan adam doğru yolu və ya heç bir yolu görmür. Buna görə də, doğru addım ata bilmir, düzgün olanı seçə bilmir və nəticədə, bataqlıq və vəhşilərə yem olur. Ağlından düzgün istifadə etməyən şəxs qaranlıq meşələrdə işıqsız qalan yolçu kimidir ki, dünya görüşü və bəsirəti olmadığı üçün həyatı şəkk-şübhə və vasvasılıq bataqlıqlarında məhv olub gedir. Bu bataqlıqda sakit dayansan da, çapalasan da belə, daha dərinə gedir və çarəsizləşirsən. Belə bataqlığa düşənlər ilahi və müqəddəs şeyləri özünün şəkk-şübhəsinin oyuncaq və bəhanəsi edərək onun üzərinə yalançı müqəddəslik pərdəsi salır... O qədər şəkk-şübhəyə düşür və vasvası olur ki, hətta qapı-pəncərəni murdar bilib yuyur. Bir namaz üçün on dəstəmaz alır... Duşun altında saatlarla dayanır və qüslünu tamam etməmiş gücdən düşüb zəifləyir və halsız-hərəkətsiz qalır. Hər iş üçün, ağlını işə salmaq əvəzinə, ardıcıl olaraq istixarə edir. Bu işdə o qədər ifrat edib həddini aşır ki, istixarə etmək üçün də istixarə edir ki, görəsən, istixarə edim, ya yox!?

Misal olaraq, bu məktuba diqqət yetirin:

“...Aman atamın istixarələri əlindən!... O, hər işdə istixarə edir, arvadını döymək üçün də belə!... Görəsən, kimisə döymək üçün də istixarə edərlər?... Görəsən, mənim ərə getməyim üçün istixarə vacibdir?

Neçə vaxt bundan öncəyə qədər, yaxşı yerdən bir çox elçilərim var idi. Amma hər dəfə elçiliyimə gələnlə söhbətləşib razılaşdıqdan sonra, atam başlayırdı istixarə etməyə. O qədər istixarə edirdi ki, onlardan biri pis gəlirdi... Axı, deyən yoxdur ki, ay qardaş, bir de görüm, evlənmək üçün də istixarə lazımdır? Xeyir və bəyənilmiş işdən ötrü də istixarə edərlərmi ki, Allahın Rəsulu (s) bu barədə buyurur: “Hər kəs evlənsə, mənim sünnəmi dirçəldib və dininin yarısını qoruyub-saxlayıb.”[5] Bir bundan soruşan yoxdur ki, Peyğəmbərimiz (s) harada buyurub ki, əvvəl istixarə edin, sonra evlənin!?... Axı nə üçün həyatın və şəriətin asan işlərini özümüzə bu qədər çətinləçdirib bir neçə nəfəri də öz nadanlığımıza qurban verməliyik? Axı, mən ərə getməməli və ya qardaşım evlənməməlidir ki, istixarə pis gəlir? Biz evlənməməliyik?!... Bəs nə vaxt?... Saçlarımız ağaranda?!...”

Ən yaxşı istixarə

İstixarə, Allah-Taaladan işlərdə xeyir istəməkdir. Ən yaxşı istixarə budur ki, insan öz ağlından, dünyagörmüş, müdrik insanların məsləhətlərindən faydalanıb tədqiq etsin, elçi barəsində axtarış aparsın, onun qohumları və dostlarını görüb ölçü götürsün və onun keçmişini yoxlasın. Daha yaxşı olar ki, bu mərhələlərdən sonra iki rükət istixarə namazı qılıb namazdan sonra yüz dəfə “Əstəxirullahə birrəhmani” – Allah-Taaladan öz rəhməti sayəsində xeyir istəyirəm – desin və sonra görsün, ürəyi (ağıl və iman) ona nə deyir, ona əməl etsin.[6]

Belə olan surətdə, Allah-Taala öz lütf və mərhəmətini ondan əsirgəməyəcək və onun işlərinin axır-aqibətini xeyirli edəcəkdir.

Əziz bacım, siz də belə edin və Allah-Taaladan xeyir və mərhəmət diləyin və bilin ki, O, ən yaxşı köməkçidir. İnşaallah ki, atanız da qəflət tozunu ürəyindən silərək, şəkdən əl götürərək, sizin xeyir işinizin həyata keçməsi üçün addım atacaqdır. (“Əxlaq dər xanevade”, Seyid Əliəkbər Hüseyni, səh.53.)

Mirməhəmməd Bəşir (Maide.az)



[1] . «Əl-Kafi», Şeyx Kuleyni, 1/10-30, kitabul əql vəl cəhl, hədis: 1-36; «Biharul-ənvar», Əllamə Məclisi, 1/99.

[2] . Yenə orada.

[3] . Yenə orada, hədis 23.

[4]. Yenə orada, hədis 24.

[5]. «Camiul-əxbar», Tacud-din Şəiri, səh.101.

[6]. «Vəsailuş-şiə», Hürr Amuli, 5/205 – (İmam Musa Kazim (ə)).

 

 

Google+ WhatsApp ok.ru