Evlənməyə qızı olmayan kəndlər...

Evlənməyə qızı olmayan kəndlər...

"Modern.az"da "Azərbaycanda bəzi kəndlərdə oğlanlar evlənməyə qız tapmır" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif Azərbaycanda qız və oğlan uşaqları arasında cinsi nisbətin sonuncuların xeyirnə dəyişməsini və bunun gələcək mümkün mənfi nəticələrini Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun demoqrafiya və əhali coğrafiyası şöbəsinin müdiri Nizami Əyyubovla müzakirə edir.
 
Yazı müəllfinin sözlərinə görə, bu problem bir sıra dünya ölkələrində də qeydə alınıb və ən son araşdırmalara görə isə, cinsi nisbətin pozulması gələcəkdə əhalinin ümumi strukturunda və dinamikasında xoşagəlməz nəticələrə gətirə bilər.
 
Bu sahədə statistikaya gəlincə, müəllif tədqiqatlara istinadən deyir ki, hamiləliyin süni şəkildə pozulması faktı inkişaf etmiş ölkələrdə il ərzində 28 milyon, inkişaf etməkdə olan ölkələrdə isə 182 milyondur. Buna səbəb kimi sosial-iqtisadi problemlər göstərilir, bu siyahıya uşağın cinsinə görə hamiləliyin süni şəkildə pozulmasını da aid etmək olar.
 
Müəllif deyir ki, Azərbaycan da bu problemdən kənar deyil, belə ki, cinslərarası normal nisbət dünyada hər 100 qıza 106 oğlan düşməsi sayılır. XX əsrin 90-cı illərindən Azərbaycanda bu nisbət pozulub, 2010-cu ildən hər 100 qıza 117 oğlan düşür.
 
N.Əyyubov "modern.az"a bildirib ki, Azərbaycanda cinsi nisbətin pozulması təhlükəli hal almağa başlayıb: "Bu hal bütün ölkə, xüsusilə Aran, Gəncə-Qazax bölgəsi üçün daha xarakterikdir. Artıq bəzi kəndlərdə oğlanların sayı qızları üstələyib, evlənməyə qız tapmırlar... Bu, gələcəkdə milli etnik tərkibin tədricən dəyişməsinə səbəb olacaq... Oğlanlarımız Azərbaycan xalqına yad olan xanımlarla evlənəcəklər ki, bu da azərbaycanlıların milli etnik tərkibdə azalmasına səbəb olacaq".
 
Şöbə müdirinə görə, bu məsələnin həllində maarifləndirmə işinin təşkilinə və dövlət tərəfindən görüləcək stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə ehtiyac var: "Ailədə hər ikinci, üçüncü qız övladı doğulanda onlar üçün müavinətlər hiss olunacaq dərəcədə artırılmalıdır. Stimullaşdırıcı tədbirlər cins nisbəti balanslaşanadək davam etdirilə bilər. Çünki bu, 1-2 ilə düzələn məsələ deyil. Bunun üçün 5 il, 10 il lazımdır ki, vəziyyət tədricən düzəlsin".
 
N.Əyyubova görə, oğlana nəslin davamçısı, qıza isə "qız yükü, duz yükü" düşüncəsi dəyişməyənə kimi yaxın gələcəkdə demoqrafik vəziyyət heç də ürəkaçan olmayacaq.
 
Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elgün Səfərov isə "modern.az"a deyib ki, abortlar cinslər arasında balansı pozur və bu, böyük təhlükədir:
 
Onun sözlərinə görə, bunun nəticəsində oğlan və qız sayının nisbəti dəyişib, çox təəssüf ki, Azərbaycanda süni abortların dəqiq statistikası aparılmır:
 
"Ümumiyyətlə, hazırda Azərbaycan Çindən sonra qız və oğlan nisbətinin pozulmasına görə ikinci ölkədir. Azərbaycanda 115 oğlana nisbətdə 100 qız doğulur, normalda isə 100 qıza nisbətdə 105-107 oğlan olmalıdır. Balansın pozulması ailənin strukturuna, ailənin inkişafına təsir göstərir". 

Google+ WhatsApp ok.ru