Evlənmək üçün ən layiqli qadını seçin

Evlənmək üçün ən layiqli qadını seçin

Özünüzə layiq bir qadınla nikah bağlayın və bu işi gecikdirməyin. Həmçinin valideynlər də bu işdə cavanlara köməkçi olsunlar və onların ailə qurması üçün lazım olan bütün şəraiti yaratmağa çalışsınlar.

 "...Mən qısa və müxtəsər yazıram. Yaşı iyirmini keçmiş bir oğlanam... Ey kaş, ata-anaları qəflət yuxusundan oyada və onları başa sala biləydiniz ki, övladlarının əl-ayaqlarına bağladıqları faydasız, yersiz qeyd və şərt zəncirlərini açsınlar və övladlarını evləndirməkdə bu qədər sərtlik göstərməsinlər. Olduqca bu işi tezləşdirsinlər ki, övladları pis yollara və fəsad tələlərinə düşməsinlər.

Valideynlərə deyin, inansınlar ki, onların övladları da cinsi istək və şəhvətə malikdirlər və müxalif cinsə ehtiyacları vardır... Belə isə, nə üçün bir çarə fikirləşmirlər və nə üçün övladlarının bu problemini həll etmək üçün bir iş görmürlər?”

-  Möminlərin ağası İmam Əli bin Əbi Talib (ə) cavanları ailə həyatı qurmağa təşviq edir və buyurur: “Evlənin və özünüzə həyat yoldaşı seçin, çünki Allahın Rəsulu, Həzrət Məhəmməd Mustəfa (s) buyurmuşdur: “Hər kəs mənim ardıcıllarımdan olmaq istəyirsə, mənim sünnətlərimdən biri də ailə həyatı qurmaq və evlənməkdir. Hər kəs Qiyamət günü Allah-Taalanın hüzurunda pak və pakizə hazır olmasını istəyirsə, gərək, ləyaqətli bir qadınla nikah bağlasın".[1]

Həzrət Peyğəmbər (s) başqa bir hədisdə belə buyurur: “Müsəlman bir şəxs üçün İslam dinini qəbul etdikdən sonra ən faydalı və xeyirli iş ləyaqətli, bəyənilmiş bir qadınla ailə həyatı qurmaqdır. Elə bir qadınla ki, ona baxanda şad və xoşhal olsun. Elə bir qadınla ki, ərinin əmrlərinə tabe olsun və ərinin qiyabında və hüzurunda öz iffətini, ərinin əmlakını qorusun”.[2]

Amma gördüyünüz kimi, bu cavanın qısa və müxtəsər, lakin çox həssas  məktubundan belə başa düşülür ki, nikah bağlamaq üçün layiqli bir qadın tapmaq və evlənmək üçün lazım olan şeyləri hazırlamaq, bir cavan üçün valideynlərinin və yaxınlarının köməyi olmadan asan iş deyildir. Bu məsələdə əsas və şəri vəzifə atanın öhdəsinə düşür.

Ata-anaya vacibdir ki, öz övladlarına ağıllı, qanacaqlı, həyalı, gözəl və xoş əxlaqlı bir həyat yoldaşı seçməyə kömək etsinlər. Onlara bu işdə sərtlik göstərməsinlər və bu vacib işin həyata keçməsini təxirə salmasınlar ki, övladları pis yola, fəsada düşsünlər və ya ailə həyatı qurmaqlarının münasib zamanı keçsin və fürsət əldən getmiş olsun.

-   "... Anam hansı qızı görürdü və ya hansı evə mənim üçün elçiliyə gedirdi, deyirdi: "Yox!!! Bu mən istəyən gəlin deyil, mən elə bir gəlin istəyirəm ki... " Xülasə, o qədər o ev, bu evə elçiliyə getdi  və heç bir qızı bəyənmədi. Axırda özü rəhmətə getdi. Mənim də evlənmək yaşım beləcə keçdi...

Hal-hazırda xəstəyəm, vasvasılıq mənim canımı alıb və hər şeyə şəkk edirəm. Doğrudur, özüm də bilirəm ki, səhv yoldayam, amma bu işləri, fikirləri özümdən uzaqlaşdırmağı bacarmıram. Həkimlər deyirlər ki, narahatçılığımın və vasvasıçılığımın səbəbi əsəb sistemimin pozulduğuna görədir, əgər evlənsəm, ruhi və cismi vəziyyətim yaxşılaşacaq... Amma kimdir mənə bu yaşımda qız verən?... Xülasə, indi ruhi cəhətdən böhrandayam və vəziyyətim yaxşı deyil,... Sizdən xahişim budur ki, lütf edib bir az bu barədə danışasınız ki, bəlkə ürəyim və ruhum sakitləşə. Siz bir kəsi tanıyırsınızmı ki...?”

- Bəli! Yersiz sərtlik, tələbkarlıq və faydasız axtarışlar, çətin bəyənmələr bəzən şad, təravətli bir cavandan tənha, ruhi xəstə, solğun, kədərli, vasvasılığa düçar olmuş bir cavan yaradır. Və ya bir qızdan ki, indi gərək  xoşbəxt bir ana olub öz körpələrinin şadlığı və dəcəlliyindən ləzzət alaydı, tənha, qəmli, nigaran, daim intizarda olan və bu təlatümlü həyatın uzaq bir küncünə atılmış və unudulmuş bir qadın düzəldir.

 "...Mən sizdən xahiş edirəm ki, bir az da ictimaiyyətimizdə olan subay qızlar haqqında fıkirləşəsiniz. Xüsusən də onlar haqqında ki, ərə getmək vaxtları, yaşları ötüb keçib və hətta bəzilərinin yaşı 30-dan da yuxarıdır. Amma bu qadınlar öz iffət  və həyaları naminə susurlar... Allaha and olsun ki, qızların yuxarı yaşlarda subay qalması onların və ailələrinin ən böyük və ən ağır problemidir...

Biz qızların ailə həyatı qurmağa olan ehtiyacı heç də yalnız heyvani və maddi istəklər üçün deyil, bəlkə, birinci dərəcədə ruhi dayaq və pisixi sakitlik üçündür ki, bunu bizim üçün heç bir şey, hətta, ali təhsil və böyük vəzifələrdə işləmək belə əvəz edə bilməz. Qohum-qardaşın və ətrafımızdakıların dil yaraları, tənə və kinayələri bizi elə narahat edir ki, bəzən şadlıqlarda belə iştirak etmək istəmirik. İnanın ki, mən heç bir toyda iştirak etmirəm, çünki camaat mənimlə təhqiramiz rəftar edir... Siz inanın ki, müxtəlif tərzlərdə bəzənib, müxtəlif modellərdə qərbsayağı paltar geyinib küçə-bazara çıxan qızların çoxu öz geyimlərindən razı deyil. Onlar bilirlər ki, bu geyimlər iffətli, namuslu və qeyrətli müsəlman qızına yaraşan geyim deyil, amma nə etsinlər?! Özlərinin tənhalıqdan nicat yolunu bunda görürlər. Fikirləşirlər ki, özlərini bəzəyib gözəl görünsələr, bəlkə hansısa bir oğlanın ürəyini ovlayarlar...

Mən özüm universitetdə oxuyuram, görürəm ki, bu vəziyyətdə dərs oxuya bilmirəm. Bəzi vaxtlar Allahdan özümə ölüm arzulayıram. Əlbəttə, bilirəm ki, bu dərdin dərdlisi təkcə mən deyiləm... Sizdən xahişim budur ki, dul kişi və qadınların ikinci dəfə evlənmək məsələsini ictimaiyyət üçün işıqlandırasınız və camaata başa salasınız ki, onların ikinci dəfə evlənməyə haqqı və ehtiyacı vardır. Qohum-qardaş və övladların onlara haqsızlıq olmayacağı surətdə bu məsələyə qarşı çıxmağa haqları yoxdur.

Mümkündür, bəziləri bu məsələyə etiraz etsinlər, amma Allaha and olsun, mən bilirəm ki, subay qızların və dul qadınların  əksəriyyəti bu məsələylə razıdırlar.

Mən və timsalımda olanlar bu ümidlə yaşayırıq ki, bir gün gələcək xalqın böyükləri bizim kimilər üçün çarə fikirləşib problemlərimizin həllini tapacaq və onu ictimaiyyətimizdə həyata keçirəcəklər...".

-  Əziz oxucu! Bu məktubu oxudunuz və bildiniz ki, ailə həyatı qurmaq, xüsusilə də qızlar və qadınlar üçün, nə qədər əhəmiyyətli və vacibdir. Bilirsiniz ki, qadınların inanılmış və sədaqətli bir dayağa nə qədər ehtiyacları vardır. Xalqın böyükləri, rəhbərləri və tərbiyəçiləri, həmçinin, valideynlər onların bu ehtiyaclarını dərk edərək öz məsuliyyət və vəzifələrini layiqincə yerinə yetirsinlər ki, cavanlar ölkəni, vətənlərini müxtəlif səbəblərdən tərk etməsinlər və nəticədə də bu kimi problemlər yaranmasın. Əgər cavanlar üçün öz vətənlərində məşğuliyyət, iş yerləri yaransa, onlar vətənlərini tərk etməzlər. Amma məlum işsizlik böhranı uzun sürdükcə subay cavanlardan əlavə, ailəli kişilər də iş axtarmaq üçün ölkəni tərk etmək məcburuyyətində qalırlar. Bu zaman problem ikiqat artır, yəni birneçə uşaqla ərsiz qalmış qadınlar da ailə həyatı qurmaq vaxtı keçənlərə əlavə olunurlar və bu isə mövcud problemin həllini bir az da çətinləşdirir.

Həmçinin, ailə başçılarına, valideynlərə tövsiyə edirəm ki, iqtisadi və maliyyə böhranları yaradan, üzücü adət-ənənələrdən əl çəksinlər. Elçiliyə gələnlərdən bahalı qızıllar, qiymətli əşyalar və çox miqdarda süd pulu istəməsinlər ki, elçiliyə gələnlər tutduqları işdən peşman olsunlar. Elçiliyə gedənlər də qızın özünün və ailəsinin əxlaqına, imanına baxsınlar, mal-dövlətinə və gətirəcəyi cehizinə yox. Xoşbəxtlik bunlarda deyil, məhəbbət və sədaqətdədir və yalnız maddiyyatı nəzərə almaq gənclərin ailə həyatı qurmağını əngəlləyir, nəticədə, cavanların fəsad və əxlaqsızlıq yuvalarına sürüklənməsinə səbəb olur.

Mən üzümü Peyğəmbərin (s) canişini və qardaşı, ariflər sahı, imamlar atası, möminlərin əmiri, elmin qapısı, təqvalıların ağası, cənnət və cəhənnəmi paylaşdıran, imamət səmasının birinci parlaq ulduzu imam Əli ibn Əbitalibin (ə) aşiqlərinə tutub deyirəm ki, cavanlara kömək əllərini uzatsınlar. Özlərinin hörmət, məqam və mallarından istifadə edib evlənməyə imkanı olmayan cavanların evlənməsinə kömək və vasitəçilik etsinlər. İmam Əli ibn Əbitalib (ə) buyurub: “Ən yaxşı və fəzilətli vasitəçilik odur ki, iki nəfər evlənmək istəyənlərin arasında vasitəçilik edəsən ki, Allah o iki nəfəri vüsala çatdırsın”.[3] Siz də ki, xalq arasında hörmət, izzət sahibisiniz və camaatın sevimlisisiniz , bu yolla hörmətli və sevimli olmağınızın zəkatını ödəyin. Özünüzün mal-dövlətinizdən, başbilənliyinizdən, ağsaqqallığınızdan və tanışlarınızdan istifadə edib cavanların ailə həyatı qurmasına kömək ediniz. Yəqin bilin ki, sizin bu əməlinizdən möminlərin əmiri İmam Əli ibn Əbitalib (ə) və zamanın imamı Həzrət Mehdi (ə) xoşhal olacaq və Qiyamət günü sizin əlinizdən tutacaq.

Hazırladı: Mirməhəmməd Bəşir

 
Mənbələr: 
 
1. "Əl-Kafi", Şeyx Kuleyni, 5/329.
2.  "Əl-Kafi", Şeyx Kuleyni, 5/327; "Vəsailuş-şiə", Hürr Amuli, 14/4.
3. "Vəsailuş-şiə", Hürr Amuli, 14/27.

 

 

Google+ WhatsApp ok.ru