Evsizlər üçün bir ümid, o da hələ sual altında

Evsizlər üçün bir ümid, o da hələ sual altında

`Bank niyə Mərkəzi Bankdan 15 faizlə kredit alıb, vətəndaşa 8 faizlə kredit verməlidir?

"Hazırkı iqtisadi çətinlik dövründə Azərbaycan əhalisinin ən böyük problemlərindən biri də mənzil problemidir. Bu problem xüsusilə də gənc ailələrə toxunur. Gənclər mənzil problemini həll etmək, ipoteka ilə mənzil almaq üçün banklara müraciət etmək istəsələr də, şərtlərin ağır olması onların arzusunu gözündə qoyur.
 
Azərbaycanda statistik ailənin orta aylıq gəliri, eləcə də bir çox digər tələblər ipoteka kreditlərinin şərtlərinə uyğun gəlmir. Bu səbəbdən də, evsiz ailələr səbirsizliklə ipoteka şərtlərinin sadələşəcəyini gözləyir. Bu səbəbdən də, baş nazir Artur Rasi-zadənin imzaladığı yeni qayda evi olmayanları xeyli sevindirdi.
 
Belə ki, Baş nazir, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında" 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanının 9.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə yeni qaydaları təsdiq edib. Prezident həmin fərmanla Nazirlər Kabinetinə, nəzarət zərfi dövlətə məxsus banklar tərəfindən öz vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsi qaydasını müəyyən etməyi tapşırıb. "Nəzarət zərfi dövlətə məxsus banklar tərəfindən öz vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsi Qaydası" yalnız dövlətin payı olan banklara şamil edilir.
 
Bunlar isə iki banka Azərbaycan Beynəlxalq Bankında və Azər Türk Banka şamil edilib.
 
Sputnik Azərbaycan dəyişikliyin mənzil bazarına necə təsir edəcəyini araşdırıb. Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, Azərbaycanda İpoteka Fondu güzəştli şərtlərlə vətəndaşların mənzil alması üçün banklar vasitəsi ilə kredit verir: "Eyni zamanda, banklar da fərdi şəkildə ipoteka krediti verir. Amma bankların öz hesablarından verdikləri ipoteka kreditlərinin faizi daha yüksək olur".
 
"Mənzil problemi yaxın günlərdə həll olunacaq"
 
"Yeni qanun, nəzarəti və 50 faizdən çox səhmləri dövlətə məxsus olan Azərbaycan Beynəlxalq Banka və Azər Türk Banka aid edilir. Bu iki bank əhaliyə İpoteka Fondu xətti ilə verilən şərtlərə və qaydalara uyğun olaraq 4 və 8 faiz ilə ipoteka krediti verə bilər" — mütəxəssis bildirib.
 
Ekspert əlavə edib ki, yeni şərtləri əhali üçün o qədər də şad xəbər saymaq olmaz: "İpoteka kreditlərinin həcmi qismən arta bilər. Amma bu, bankların öz hesablarına kredit verməyə maraqlı olacağından asılıdır. Belə sual yaranır: Banklar öz hesablarına kredit verəcək? Nəzərə alaq ki, banklar özləri Mərkəzi Bankdan krediti 15 faizlə alır. O bank niyə Mərkəzi Bankdan 15 faizlə kredit alıb, vətəndaşa 8 faizlə kredit verməlidir?"
 
"Əgər belə kreditlər verilərsə, yalnız bank rəhbərliyinə yaxın şəxslərə veriləcək, ya da "şapka" olacaq. Bir sözlə, ciddi dəyişiklik olacağına inanmıram" – deyə Ə. Həsənov əlavə edib.
 
"Əmlak" Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı isə deyib ki, yeni qaydalar müəyyən mənada ipotekaya marağı artıracaq: "Həmin bankların ipoteka krediti verməsi müşahidə şurasının ipoteka prosesinə marağından asılı olacaq. Bu gün banklar aşağı faizli kreditlər verməkdə maraqlı deyil. Xüsusilə, bu kredit uzunmüddətli olarsa".
 
"Ona görə də düşünmürəm ki, banklar öz hesablarına ipoteka verməkdə maraqlı olsun. Amma nəzərə almalıyıq ki, bu iki bankda dövlətin payı var. Bu səbəbdən də, nəsə dəyişə bilər" — Osmanlı bildirib.
 
Onun fikrincə, əmlak bazarında ancaq o halda dəyişiklər ola bilər ki, bütövlükdə ipoteka ilə alınan mənzillərin sayı əmlak bazarının 25 faizini təşkil etsin: "Amma hələlik, bu, mümkün deyil".
 
Məsələ ilə bağlı "Azər Türk Bank"ın mətbuat xidmətinin rəhbəri Rauf Ağayev Sputnik Azərbaycan-a bildirib ki, bankın adiyyatı şöbəsi bu istiqamətdə araşdırma ilə məşğuldur: "Yeni qərara uyğun olaraq işlər aparılır. Yaxın gələcəkdə nəticələrlə bağlı məlumat vermək mümkün olacaq. Bu məsələ bir qədər vaxt aparan prosesdir. Daxili təhlillər apardıqdan sonra bank qərar verə bilər".
 
Qeyd edək ki, bu mövzu ilə bağlı Beynəlxalq Banka göndərdiyimiz sorğu cavabsız qalıb.(sputnik.az)

Google+ WhatsApp ok.ru