Evsiz qalmaq təhlükəsi

Evsiz qalmaq təhlükəsi

-- Ekspert: Sakinlərlə inşaat şirkətləri arasında bağlanan müqavilələrdə bu halların nəzərə alınmaması təhlükədir

"Bizim Yol" qəzeti "Evi plana düşüb sökülənləri gözləyən təhlükə" sərlövhəli  məqalədə ekspert Vüqar Bayaramovun düşüncələrinə yer verib.
 
Ekspert Bakıda köhnə binaların söküntüsü ilə bağlı yeni ev gözləyən sakinlər üçün mümkün təhlükələr barədə danışır.
 
"Bakıda köhnə tikililər, xüsusən də "xuruşovka"lar sökülür, yerində yenilərinin tikintisi başlayıb, məsul şirkətlər mənzil sahiblərinin adətən 2 illik kirayə haqlarını ödəyirlər. Həmin müddətdən sonra inşa ediləcək binada onlara yeni mənzillər təklif edən müqavilə əsasında söküntü işləri həyata keçirirlər". Bu sahədə durumu V.Bayramov qəzetə belə izah edir.
 
Ekspert deyir ki, ilk baxışdan şirkətlərin təklifi normal təsir bağışlayır, amma proses heç də belə sadə olmaya bilər.
 
V.Bayramova görə, risklər sığortalanmadığı üçün gələcəkdə şirkət öhdəliyini yerinə yetirə bilmədiyi halda vətəndaşın yeni mənzil ala bilməsi mexanizmləri bəlli deyil: "Məsələn, təssəvvür edək ki, şirkət sakinlərə kirayə üçün ödəniş etdi, köhnə binanı sökdü və yeni binanı inşa edən zaman o müflis oldu, tikintini başa çatdıra bilmədi, bu halda, sakinləri yeni mənzillər ilə hansı şirkət təmin edəcək?".
 
Ekspert deyir ki, sakinlərlə inşaat şirkətləri arasında bağlanan müqavilələrdə bu halların nəzərə alınmaması təhlükədir.
 
V.Bayramova görə, daha bir təhlükə şirkətlərin aktivləri az olduğundan tikintinin başa çatdırılması üçün tələb edilən xərci aktivləri sataraq ödəyə bilməməsidir.
 
Ekspert hesab edir ki, gələcəkdə belə hallar baş verən zaman sakinlərin mənzilsiz qalmaması üçün yeni mexanizmlərin hazırlanıb tətbiq edilməsinə ehtiyac var.
 
V.Bayramov əhalinin maraqları baxımından çıxış edərək tikinti şirkətləri üçün risklərin sığortalanmasını işə başlamaq üçün əsas tələblərdən biri hesab edir.
 
Ekspert deyir ki, tikinti şirkəti öz risklərini sığorta şirkətində sığortaladıqdan sonra ona inşaata aparmaq icazəsi verilməlidir və evini tərk edib, kirayədə qalan sakin əmin olmalıdır ki, bütün hallarda o, yeni mənzil ilə təmin ediləcək.(contact.az)
 

Google+ WhatsApp ok.ru