Expert: ‘Bakı bu gün sürüşür…sabah çökə bilər’

Expert: ‘Bakı bu gün sürüşür…sabah çökə bilər’

Baş nazirin müavini Hacıbala Abutalıbov deyir ki, Badamdar şosesində sürüşmə ərazisi aktivdir. Ərazidə Yaponiyadan dəvət olunmuş eskpertlər araşdırma aparırlar.
 
Landşaftşünas Şəbnəm Karslı isə deyir ki, Azərbaycanda kifayət qədər ekspert, mütəxəssis var. Hətta onlar 2015-ci ildə ovaxtkı baş nazir Artur Rasizadənin sərəncamı ilə Bakının yeraltı qrunt sularının da xəritəsini hazırlayıb, hökumətə təqdim ediblər. Amma paxtaxtda inşaat işləri aparılarkən, bu işlərə rəy verilərkən, ekspertlərin xəbərdarlığını nəzərə alan olmayıb:
 
“2015-ci ildə hazırlanan bu xəritəyə baxanda biz başa düşürdük ki, qrunt suları hansı istiqamətdə axır. 2016-cı ildən bugünəcən müxtəlif sürüşmə zonalarında işlər gedir. Hələ də qrunt sularının istiqaməti dəyişdirilir. Mən özüm şahidi olmuşam ki, bir binanın bünövrəsi tökülən zaman qrunt suları nasosla sorulur. Artıq alimlərin də işi çətinləşir, mütəxəssis də iki gün öncə verdiyi qərara bu gün əmin ola bilmir. Bakı şəhəri bu gün sürüşür. Bu gün biz sürüşmə problemindən danışırıq. Bəlkə sabah, bəlkə 2 il, bəlkə də 10 il sonra bizim gündəmimiz “Bakı çökür” olacaq”.
 
Şəbnəm Karslı hesab edir ki, indiki sürüşmə gələcək təhlükənin siqnalıdır. Təhlükəli ərazidən əhali köçürülməsə, zəruri addımlar atılmasa bir neçə ilə müzakirə mövzu sürüşmə yox, Bakının çökməsi ola bilər.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə 2018-ci ilin avqustunda Bakının 8 rayonunda 23 sürüşmə zonası qeydə alınıb. Ümumilikdə ölkə üzrə sürüşmə ocaqlarının sayı 99-dur. Son iki ildə sürüşmə ocaqları 2 dəfə artıb. Beləki, 2016-cı ildə nazirliyin geologi planlama ekspedisiyasının rəsmisi Sadiq Əmiraslanov deyib ki, 2016-cı ilin əvvəlində sürüşmə zonaları 50 olub. /azadliq.org/
 

Google+ WhatsApp ok.ru