ŞEYTANIN İNSANA HÖKMRANLIĞI

İmam Əli (ə) buyurmuşdur:

يا كميل! وَ هُوَ قَوْلُ اللَّهِ عَزَّ و جَلَّ «انّ عِبادى‏ لَيْسَ لَكَ عَلَيْهِمْ سُلْطانٌ» وَ قَوْلُهُ عَزَّ وَ جَلَّ «انَّما سُلْطانُهُ عَلَى الَّذينَ يَتَوَلَّونَهُ وَ الَّذينَهُمْ بِه‏ مُشْرِكُونَ»؛

“Ey Kumeyl! Bu Allahın kəlamıdır ki, buyurur: “Şübhəsiz, sənin Mənim bəndələrim üzərində heç bir hökmün yoxdur!” (“Hicr” surəsi, ayə 42 və “İsra” surəsi, ayə 65.) Bu da Allahın başqa bir kəlamıdır: “Onun hökmranlığı ancaq onu dost və başçı tutan kəslər və Allaha şərik qoşanlar üzərində (keçərli)dir.” (“Nəhl” surəsi, ayə 100.)

(“Biharul-ənvar”, 74-cü cild, səh. 272.)

 

ŞƏRH VƏ TƏFSİR

İmam Əli (ə) Kumeylə öyüd-nəsihətlərində iki ayəyə işarə edir: birinci ayədə şeytanın Allahın xüsusi bəndələrinə hökmranlığını inkar, ikinci ayədə isə, onun iki zümrəyə hökmranlığını təsbit edir: 1. şeytanla dostluq edən və ona qul olanlar; 2. şeytanı Allaha şərik qoşan, bəzən Allahın, bəzən də şeytanın vilayətini qəbul edənlər. Quran məntiqinə əsasən, şeytan bu iki zümrəyə hakim kəsilmişdir.

Bəzilərinin şeytanla bağlı məlumatları yanlışdır. Onlar insanın ixtiyarsız olaraq şeytana əsir olmasını təsəvvür edirlər. Halbuki bu təsəvvür batildir. İnsan, şeytana keçid sənədi verməsə, Allahın rəhmət dərgahından qovulmuş bu alçaq varlıq onun ruh adlı sərhədinə yaxınlaşa bilməz. Bəli, insan, şeytana yaşıl çıraq yandırmasa və onun keçid sənədini imzalamasa, şeytan ona nüfuz edə bilməz.

Sual: Şeytanın nüfuzuna şərait yaradan amillər, necə deyərlər, yaşıl çıraqlar hansılardır?

Cavab: Müxtəlif amillər mövcuddur, o cümlədən:

1. Əxlaqsız və nalayiq dostlar;

2. Günah məclislərində iştirak etmək;

3. Əxlaqsız filmlər, azdırıcı kitablar, təhrikedici səhnələr, internet və kütləvi informasiya vasitələrindən efirə buraxılan yasaq proqramlar;

4. Naməhrəm qadınla xəlvətə çəkilmək.

Demək, insan, şeytanın nüfuz və hökmranlığına şərait yaradan bu amillərlə mübarizə aparmalı, özünü onun vəsvəsələrindən qorumalı və onun vilayət çərçivəsindən çıxmalıdır ki, onun qullarının cərgəsinə daxil olmasın.

Rza Şükürlü

Google+ WhatsApp ok.ru