Şeyx Sərdardan yeni xəbər var

Şeyx Sərdardan yeni xəbər var

Vəkil Cavad Cavadov: “Ali Məhkəməyə verilən kasasiya şikayətini müzakirə etdik”

“17 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənli (Babayev) ilə görüşdüm. Səhhəti, ruhiyyəsi yaxşıdır. Saxlanılma şəraitindən narazılığı yoxdur. Bütün dostlara salamları vardır. İstintaq və məhkəmə dövründə ona dəstək olan hər kəsə, media nümayəndələrinə bir daha təşəkkürünü bildirdi”
 
Bunu Maide.Az-a vəkil Cavad Cavadov deyib. O, bildirib ki, Şeyx Sərdar  “Sərdar Babayevlə Ali Məhkəməyə verilən kasasiya şikayətini müzakirə edib:
 
“Gələn həftə onun təqdim olunmasını razılaşdırdıq. Eyni zamanda tərəfimizdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 168-1.1. maddəsinin (İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən aparılması) Azərbaycan Respublikasının Konstitusiyasına və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə (Əsas Qanunun 25, 48, 149.1, həmçinin "İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi " haqqında Avropa Konvensiyasının 9, 14-cu, BMT-nin "Ümumdünya insan hüquqları bəyannaməsi"-nin 18-ci maddəsinə) uyğun olmamasına və qüvvədən salınmasına dair şikayət göndərilir. Ümid edirik ki, Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ olan başqa subyektlər də ölkəmizə baş ucalığı gətirməyən həmin antikonstitusion normanın qüvvədən salınması üçün Konstitusiya Məhkəməsinə müraciət edəcəklər".
 
Qeyd edək ki, ruhani artıq Şüvəlan həbsxanasından Binə qəsəbəsində yerləşən 17 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. 
 
Xatırladaq ki, Şeyx Sərdar Hacıhəsənli Masallı rayonunun məscidində namaz qıldığına və dini söhbətlər etdiyinə görə rayonun icra başçısı onun barəsində polisə şikayət edib. Şikayət əsasında ruhaniyə cinayət işi açılıb və barəsində həbs qətimkan tədbiri seçilib. 
 
İyul ayının 3-də Masallı Rayon Məhkəməsində Anar Almuradlının sədrliyi ilə keçirilən prosesdə Şeyx Sərdara hökm oxunub. Məhkəmənin qərarı ilə Şeyx Sərdar Hacıhəsənli 3 il müddətinə azadlıqdan məhrum edilib.
 
Sentyabr ayının 25-də Şirvan şəhər apelyasiya məhkəməsi apelyasiya şikayətini təmin etməyib və Masallı rayon məhkəməsinin hökmünü qüvvədə saxlayıb. 
 

Google+ WhatsApp ok.ru