Eyyub Hüseynov: `İstehlakçı hüquqları qorunmur`

Eyyub Hüseynov: `İstehlakçı hüquqları qorunmur`

"Ölkədə qiymət artımının və istehlakçı hüquqlarının qorunmamasının bir neçə səbəbi var. Bunlardan birincisi qanunların effektiv işləməməsidir".
 
Bunu AzadlıqRadiosuna Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib.
 
Onun fikrincə, istehlakçı hüquqlarının qorunmasına nəzarət etməli orqanlar ciddi fəaliyyət göstərmirlər və bu sahədə effektli bir iş görülmür: "Azərbaycan 10 il öncə istehlakçıların hüquqlarının qorunması sahəsi üzrə beynəlxalq qurumlara üzv olub. Bu isə bütün istehlakçıların mallara əlçatanlığının təmin olunması öhdəliyi deməkdir. Amma buna əməl olunmur".
 
E.Hüseynov deyir ki, qanunların icrasına nəzarət mexanizminin işləməməsi istehlakçının «başında çatlayır». Bahalığın, qıtlığın bütün ağırlığı vətəndaşların üzərinə düşür.
 
E.Hüseynova görə, daha bir problem səmərəsiz kənd təsərrüfatı siyasətinin yürüdülməsidir. O hesab edir ki, kənd təsərrüfatına maraq itib, insanlar kəndləri tərk edirlər. Bu da istehsalın azalmasına, mal qatlığına və bahalanmaya səbəb olur: "Biz kooperasiya haqqında qanunun qəbul olunmasından çox şey gözləyirdik. Hətta kənd təsərrüfatı sahəsində ciddi dirçəlişə ümidlərimiz var idi. Bu ümidlərimiz də doğrulmadı".
 
Ekspert deyir ki, nəticədə son dövrlər təkcə idxal yox, yerli mallarda da kəskin bahalanma müşahidə edilir.
 
Rəsmi statistik rəqəmlərdə isə bahalanmanın o qədər də kəskin olmadığı bildirilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ay (fevralda) kənd təsərrüfatı mallarında cəmi bir neçə faizlik bahalanma baş verib. /

Google+ WhatsApp ok.ru