Fətullah Gülən konqresmenlərin Bakıya səfərini gizli maliyyələşdirib

ABŞ Konqresinin Etika Ofisi (OCE) Nümayəndələr Palatasının üzvlərinin 2013-cü ildə Türkiyəyə və Azərbaycana səfər xərclərinin bir qisminin Fətullah Gülənə bağlı dərnək tərəfindən gizli maliyyələşdirildiyini üzə çıxarıb.
 
Virtualaz.org saytı Amerika KİV-lərinə istinadən xəbər verir ki, bu fakt Etika Ofisinin oktyabrın 7-də açıqladığı hesabatda yer alır.
 
Bildirilir ki, Fətullah Gülənin ABŞ-dakı lobbi təşkilatları tərəfindən təşkil edilən və 2013-cü ilin mayında həyata keçirilən bu səfərlərdə Birləşmiş Ştatların Ədliyyə Nazirliyinin rəsmi qeydlərində adı yer almayan, gülənçilərə aid Boğaziçi Atlantik Kültürəl Dostluq və İşbirliyi Dərnəyi (BAKİAD) üzərindən konqresmenlərin xərcləri ödənilib.
 
Məlum olub ki, bu dərnək əvvəllər də konqresmenlərin Türkiyəyə səfərləri zamanı onların xərclərini əl altından ödəyib.
 
Rəsmi sənədlərdə göstərilməyən bu xərclərlə yanaşı BAKİAD konqresmenlərə müxtəlif hədiyyələr də verib. Bununla da həmin səfərlərə qatılan konqresmenlər Konqresin etika qaydalarını pozublar. Hesabata əsasən Fətullah Gülənə bağlı olan, ofisi Vaşinqtonda yerləşən Türk Amerikan İttifaqına (TAA) bağlı təşkilat tərəfindən Türkiyə və Azərbaycana 11 konqresmenin və 32 Konqres əməkdaşının səfərləri təşkil edilib.
 
Fətullahçı dərnək başqanlarından Furkan Koşar və digər 3 təşkilatın rəhbərləri Etika Ofisinə verdikləri ifadələrdə konqresmenlərin xərclərinin BAKİAD tərəfindən qarşılandığını təsdiqləyiblər.
 
Xəbər verdiyimiz kimi Konqresin müstəqil nəzarət orqanı olan Office of Congressional Ethics (OCE) (Konqressional Etika Ofisi) tərəfindən hazırlanan, ancaq Konqresin etika komissiyası tərəfindən açıqlanmasına qadağa qoyulan hesabat Nümayəndələr Palatasının spikeri Con Bonerin istefasından sonra açıqlanıb.
 
Həmin hesabatda bir qrup konqresmenin 2013-cü ildə energetika məsələlərinə və ABŞ-Azərbaycan münasibətlərinə həsr edilmiş konfransa qatılmaq üçün 2013-cü ildə Bakıya etdikləri səfərin xərclərinin SOCAR tərəfindən Fətullah Gülənin Amerikadakı lobbi təşkilatlarına ayırdığı vəsait hesabına ödənildiyi göstərilmişdi.
 
Konfransın təşkilatçıları "Turquoise Council of Americans and Eurasians" və "Assembly of the Friends of Azerbaijan" adlı qeyri-hökumət təşkilatları olub. Məlum olub ki, SOCAR bu konfransın təşkili üçün Azərbaycanın Dostları Assambleyasına və "Turkuaz"a 750 min dollar ödəyib.
 
Konqresin etika prinsiplərinə görə isə konqresmenlər xarici korporasiyalardan və hökumətlərdən bu və ya digər formada bahalı hədiyyələr qəbul edə, onların hesabına səfərlərə çıxa və istirahət edə bilməz.
 
Etika Ofisinin araşdırması nəticəsində üzə çıxıb ki, Fətullah Gülənə bağlı təşkilatlar SOCAR-dan aldığı maliyyə hesabına konqresmenlərin səyahətlərini maliyyələşdiriblər. Xatırladaq ki, hazırda Türkiyə hökuməti Gülən camaatını terror təşkilatı hesab edir və onu "FETÖ", yəni Fətullah Gülən Terror Örgütü adlandırır. Gülənçilərə bağlı şirkətlərə, KİV-lərə və dərnəklərə polis basqınları həyata keçirilir, həbslər aparılır.

Google+ WhatsApp ok.ru