Fəhlələr “Akkord”dan pullarını belə aldılar

Noyabrın 20-də “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyasının Ağa Nemətulla küçəsində yerləşən baş ofisinin qarşısına 60 nəfərə yaxın keçmiş fəhlə toplaşaraq 3 ilə yaxındır yığılıb qalmış maaşlarını tələb edib.
 
Fəhlə Dilqəm Məmmədov “Azadlıq” radiosunun “Qaynar xətt”inə deyib ki, Şəmkirdə su, kanalizasiya sisteminin qurulması layihəsində çalışıb. Layihəyə onun şəxsi texnikası da cəlb olunub. Hazırda şirkətdən 15 min manat alacağı var: “Ayın 18-də gəldik, dedilər gedin, 2 gündən sonra gəlin. Gəlmişik, qabağa bir adam çıxmır. Bizimsə buradan tərpənmək fikrimiz yoxdur. Evdə xəstə, ac uşaqlar qoyub gəlmişik”.
 
Aqil Dadaşzadə deyib ki, şirkətin Şəmkir layihəsində iş icraçısı işləyib. İşdən 1 il 6 aydır çıxıb, ancaq şirkət ona olan 1650 manat borcu hələ də ödəməyib: “3 ildir süründürürlər. Elə ay, həftə yoxdur ki, bura gəlməyək. İnsafları olsun, hər dəfə yola xərc çəkib boş-boşuna gəlib gedirik. Bu gün də ümidlə gəlmişik… Bir azdan da deyəcəklər işçilər çıxıb getdi, dağılışın”.
 
Fəhlələrin şikayətləri şirkətin mətbuat xidmətinin rəhbəri Bəhruz Əliyevə çatdırılıb. Sonradan fəhlələr zəng vurub bildiriblər ki, pullarının müəyyən hissəsi artıq onlara ödənilib.
 
Bəhruz Əliyev isə onu da bildirib ki, müraciət edənlər şirkətin yox, Şəmkir layihəsində şirkətlə çalışan “SP Euro Saldo” subpodratçı təşkilatın işçiləri olub: ““Akkord”un bilavasitə onlar qarşısında heç bir öhdəliyi yoxdur. Buna baxmayaraq, Korporasiya onların durumunu nəzərə alaraq problemin həll edilməsi üçün addım atıb və onlara müəyyən məbləğdə pulun ödənilməsini təmin edib”.
 
Bəhruz Əliyev əlavə edib ki, hazırda hər hansı bir narazılıq yoxdur. /

Google+ WhatsApp ok.ru