`Facebook` istifadəçilərinin sayı 2 milyarda çatıb

`Facebook` istifadəçilərinin sayı 2 milyarda çatıb

Facebook Inc şirkəti iyunun 27-də bəyan edib ki, onun əsas xidmətinin daimi istifadəçilərinin sayı 2 milyard nəfəri keçib.
 
Şirkətin baş icraçı direktoru Mark Zuckerberg Facebook postunda davamçılarına yazıb ki, “bu səyahətdə sizlərlə birlikdə olmaq şərəfdir”.
 
İndi artıq Facebook istifadəçilərinin sayı dünyanın hər hansı ölkəsinin əhalisindən çoxdur. Bu, planetin 7, 5 milyardlıq əhalisinin dörddə biri deməkdir.
 
Facebook “aylıq fəal üzv” dedikdə son 30 gündə onun saytına baş çəkənləri və Messenger applikasiyasından istifadə edənləri nəzərdə tutur.
 
Bununla yanaşı Facebook bildirib ki, iki hesabı olanlar bu sosial media istifadəçilərinin 6 faizini təşkil edir.
 
Başqa sosial media platformaları Facebook-un yanında “cırtdan” görünürlər. Twitter Inc ötən apreldə istifadəçilərinin sayının 328 milyona çatdığını xəbər vermişdi.
 
  Tencent Holdings Ltd şirkətinin WeChat platformasından əsasən Çində istifadə edilir və onun üzvlərinin sayı bu ilin ilk rübündə 938 milyon nəfər olub.
 
Martın 31-ə olan məlumata görə Facebook platformasından aylıq qaydada 1, 94 milyard nəfər istifadə edir. Bu ötən ildən bəri 17 faiz artım deməkdir. 2012-ci ildə Facebook istifadəçilərinin sayı 1 milyard nəfər idi.
 
Zuckerberg-in 2004-cü ildə yataqxana otağından başladığı biznes hazırda öz nəhəngliyi ilə böyük reklamçıları cəlb edir.
 
Facebook-da reklam yayan şirkətlərin sayı ötən apreldə 5 milyona çatıb.
 
Facebook indi Birləşmiş Ştatlar, Kanada və Avropadan kənarda daha sürətlə yayılır.
 
Üç il əvvəl Facebook istifadəçilərinin 38 faizi bu ölkələrdə yaşayırdı. İndi bu rəqəm 30 faizə enib.(azadliq.org)
 

 

Google+ WhatsApp ok.ru