Facebooku çökdürən səbəb...

Facebooku çökdürən səbəb...

Ekspertlər populyar sosial şəbəkədə problemlər yaranmasını müxtəlif cür izah edir
 
Avqustun 9-dan 10-a keçən gecə dünyanın ən böyük sosial şəbəkəsi hesab olunan facebook gecə saatlarında çökdü. Məlumata görə 10 avqust gecə saat 01:50-dən etibarən sosial şəbəkədə problemlər yaranıb və bir neçə dəqiqə sonra şəbəkə tamamilə çöküb. Şəbəkənin çökməsi təkcə bizim ölkəmizdə deyil, Almaniya, Fransa, eləcə də Rusiyada da müşahidə olunub. Sosial şəbəkədə yaranan nasazlıq yalnız 04:05-də aradan qaldırılıb. Problemin hansı səbəbdən yaranması ilə bağlı məlumat verilməyib.
 
Qeyd edək ki, iki il öncə, 2015-ci ilin sentyabrında və 2014-cü ilin 19 iyun tarixində də facebook istifadəçiləri bu cür problemlə üzləşmişdi. Sonuncu yarım saatlıq texniki problem şirkətə 500 min dollara başa gəlmişdi.
 
Maraqlıdır, dünyanın ən böyük sosial şəbəkəsinin çökməsini yaradan səbəb nə ola bilər? Ümumiyyətlə sosial şəbəkələrin təhlükəsizliyi necə tənzimlənir?
 
İnformasiya sistemləri və texnologiyaları üzrə ekspert Nicat Məlikov sözlərinə görə böyük sosial şəbəkələrin çökməsinin müxtəlif səbəbləri ola bilər:
“Ola bilsin ki, şirkətdə hər hansı texniki işlər aparılıb və ya haker hücumuna məruz qalıb. Bəlkə də serverlərin gücü çatmayıb. Lakin bu da inandırıcı gəlmir, çünki facebook böyük və güclü şirkətdir, onun dərin serverləri var.
Ümumiyyətlə böyük sosial şəbəkələrin təhlükəsizliyini təhlükəsizlik departamentləri tənzimləyir və monitorinqlər keçirirlər. Əlbəttə ki, digər şirkətlər də həmin departamentlərə qoşularaq birgə işlər aparırlar. Və hər hansı bir nasazlıq aşkarlananda anında xəbərdar edilir".
 
Qeyd edək ki, facebook-un çökməsi olayından sonra şirkət hər istifadəçiyə həsr olunan videoya doğru addım atıb. Mütəxəssislərin fikrincə bu, şirkətin youtube və televiziya şəbəkələrinə meydan oxuması hesab olunur. İstifadəçilər tezliklə yeni Watch(İzlə) adlı platformada sosial şəbəkə tərəfindən maliyyələşdirilən şoulara baxa biləcək.
 
İstifadəçilərin şoulara baxış seçimi onların dostlarının nələri izlədiyinə də bağlı olacaq. Tamaşaçılar şoulara şərh yaza biləcək və şou üçün nəzərdə tutulmuş qruplarda dostları ilə fikirlərini bölüşə biləcək.
 
“Şouya baxış passiv olmalıdır”. Bunu şirkətin təsisçisi Mark Zuckerberg Facebook statusunda yazıb:
“Bu təcrübə ilə bölüşmək və təxminən eyni şeyləri baxan insanları birləşdirmək şansı ola bilər”.
 
Video bir müddətdir ki, facebook-da mövcuddür, amma indiyədək əsasən xəbər qurumlarının qısa klipləri və həvəskar videolar nümayiş etdirilirdi. İndiki halda isə istifadəçiləri videodan əvvəl, eləcə də baxış zamanı hədəflənmiş reklam gözləyəcək. Beləliklə, Watchyeniliyini irəli sürməklə Facebook qarışıq və mürəkkəb bir bazara girir. Burada onu ənənəvi televiziyalar, eləcə də YouTube və Netflix kimi video şəbəkələri ilə yarış gözləyir. (musavat) /

Google+ WhatsApp ok.ru