FED-in qərarının manata mümkün təsirləri

FED-in qərarının manata mümkün təsirləri

“Yeni Müsavat” qəzetində dərc edilmiş “Manat ilin sonuna kimi ucuzlaşmayacaq” - sərlövhəli yazı diqqət çəkir.
 
Yazıda bildirilir ki, ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini 0,75-dən 1-1,25-dək artırıb. Sonuncu dəfə FED martın 15-də uçot dərəcəsini illik 0,5-0,75 faiz səviyyəsindən 0,75-1 faizə kimi artırmışdı.
 
Deputat Vahid Əhmədov mövzu ilə bağlı bildirib ki, FED-in uçot dərəcəsini növbəti dəfə artırması Azərbaycana da təsirsiz ötüşməyəcək:
 
“FED bu addımı nə vaxt atıbsa, dünyada milli valyutalara öz təsirini göstərib”.
 
Qərarın Azərbaycana konkret təsirinə gəlincə, V.Əhmədov qeyd edib ki, bu birbaşa olmasa da maliyyə bazarında müəyyən qədər ajiotaj yarada bilər:
 
“Ola bilər ki, manatın məzənnəsində müəyyən dəyişiklik olsun. Amma, hələlik, milli valyutamız tələb-təklif əsasında maliyyə bazarında öz işini görür. İnanmıram ki, yaxın günlərdə FED-in qərarı manatın məzənnəsinə ciddi təsir göstərsin. 1-2 qəpik təsir göstərmək imkanı var. Amma FED uçot dərəcəsini artırmaqda davam edərsə, təbii ki, dünyanın digər valyutalarına olduğu kimi, manata da ciddi təsir göstərəcək”.
 
İqtisadçı-ekspert Natiq Cəfərli isə bildirib ki, budəfəki faiz artımını bazarlar öncədən “həzm etmişdi”:
 
“Ancaq FED-in faiz artımından sonra verdiyi rəsmi bəyanatı daha ciddi proseslərin olmasından xəbər verir. FED növbəti 6 ayda faizlərin ən azı 1 dəfə yenidən artırılacağını bəyan etdi…".
 
Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanda üzən məzənnə siyasətinə keçid elan olunsa da, məzənnə inzibati nəzarət altındadır: “Biz dünya birjalarında digər valyutaların saniyə-saniyə dəyişdiyinin şahidi oluruq. Manatla bağlı isə belə siyasət həyata keçirilmir. Həftə ərzində cəmi iki hərrac olur. Mərkəzi Bank da bu prosesə sərt nəzarət edir. Ona görə də, FED-in qərarının qısa müddətdə manatın məzənnəsində özünü büruzə verməsini gözləmək əbəsdir. İlin sonuna kimi kəskin devalvasiyanı gözləmək də yersizdir. Çünki Mərkəzi bank və hökumət kəskin devalvasiyaların iqtisadiyyata çox böyük zərbə vurduğunu görüb. Əsasən ilin sonuna yaxın, payız aylarında manatın yumşaq şəkildə dəyərdən düşməsini izləyə bilərik”
 
İqtisadçı hesab edir ki, dollar maksimum halda bu ilin sonunda yanvar ayında olduğu kimi 1.90-1.92 həddinə yüksələ bilər. /

Google+ WhatsApp ok.ru